newsPhoto

Dövlət Miqrasiya Xidmətində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

 

Dövlət Miqrasiya Xidmətində (DMX) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev ermənilərin xalqımıza qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımı və işğalçılıq siyasəti barədə məlumat verib. Azərbaycanlıların Soyqırımı Gününün tariximizə XX əsrin qanlı hadisəsi kimi yazıldığını bildirib. Diqqətə çatdırıb ki, erməni millətçiləri iki yüz ildən çoxdur xalqımıza qarşı ardıcıl soyqırımı və təcavüz siyasəti aparır. Bu hadisəni hər zaman xatırlamağın və dünya ictimaiyyətinə çatdırmağın zəruriliyindən söhbət açılıb, dövlətimiz tərəfindən kifayət qədər işlər görüldüyü qeyd olunub. Məhz Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanı tarixin qaranlıq səhifələrinə işıq salmağa imkan verib. Bu Fərman uzun illər bundan əvvəl baş vermiş hadisələr barədə həqiqəti açıqlayıb, xalqın yaddaşını təzələyib, onu öz tarixi köklərinə qaytarıb. Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamı da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addım kimi tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Prezident Kitabxanasının şöbə müdiri, tarixçi alim Nazim Mustafa azərbaycanlılara qarşı kütləvi şəkildə törədilən soyqırımı faktlarını iştirakçıların nəzərinə çatdırıb. O qeyd edib ki, azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılib, mədəniyyət abidələrimiz dağıdılıb, məhv edilib. Erməni terrorizmi və onun tarixi, mart soyqırımının həyata keçirilməsində böyük xidmətləri olan Daşnaksütyun partiyası, “Böyük Ermənistan” yaratmaq ideyalarının reallaşdırılması istiqamətində görülən işlər, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılması barədə geniş söhbət açıb.

Mart soyqırımı erməni daşnaklarının azərbaycanlılara qarşı bəslədiyi nifrətin və düşmənçiliyin sübutudur. Bu düşmənçilik, erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasəti bu gün də bitməyib. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizlənmələrə məruz qalıb. Məruzəçi işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırımının mahiyyət etibarilə Ermənistanın separatçılıq və terrorçuluq siyasətinin tərkib hissəsi olduğunu bildirib.

Tədbirdə bir daha vurğulanıb ki, 31 Mart soyqırımının qurbanları daim yad edilməli və bu məlumatlar yetişməkdə olan nəslə çatdırılmalıdır. 

Sonda tədbir iştirakçıları sənədli filmə baxıblar.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur