newsPhoto

Maarifləndirmə tədbirlərində miqrasiya siyasətinin prioritet istiqamətləri diqqətə çatdırılır

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümü ilə əlaqədar olaraq Gəncə regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qazax şəhərində maarifləndirmə tədbiri keçirilib.

Görüş iştirakçılarına miqrasiya sahəsində tətbiq edilən yeniliklər, Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması, ölkədə müvəqqəti olması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi qaydaları, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması prosedurları, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti 10 ildir ki, bu vəzifələri müvəffəqiyyətlə icra etməklə ölkə vətəndaşlarının, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xidmətindədir. Xidmət fəaliyyətə başladığı vaxtdan miqrasiya qanunvericiliyinin tətbiqində yol verilə biləcək nöqsan və sui-istifadə­lə­rin, əcnəbilər tərəfindən ölkə ərazisində olma və yaşama qaydalarının pozulması hallarının qarşısı müvəffəqiyyətlə alınıb. Belə ki, görülən işlərin nəticəsi olaraq, ötən illərdə miqrasiya qanunvericiliyinin tələblərinin pozulması halları ilə bağlı ümumilikdə 172 min 25 nəfər əcnəbi, vətəndaşlığı ol­ma­yan şəxs və Azərbaycan Respublikasının vətəndaşı barədə müvafiq qərarlar qə­bul olunub.

Bildirilib ki, vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq  işlər görülüb. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildən hal-hazıradək 1871 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, 58 nəfər isə bərpa edilib. Vətəndaşlığa qəbul olunmuş şəxslərdən 1341 nəfəri, vətəndaşlığa bərpa edilmiş şəxslərdən isə 38 nəfəri vətəndaşlığı olmayan şəxslərdir.

Daha sonra səyyar xidmət təşkil  edilib. Səyyar xidmətin imkanlarından müraciət edən 24 şəxs istifadə edib. Onlardan 6 nəfərinə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri verilib, 3 şəxsin vətəndaşlıq mənsubiyyətinin araşdırılması üçün sənədləri qəbul edilib, 11 nəfərə vətəndaşlıq məsələləri, 4 nəfərə isə müvəqqəti yaşama icazəsi ilə bağlı sənəd siyahısı təqdim olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında da əhalinin  miqrasiya  qanunvericiliyi  sahəsində  maarifləndirilməsi  məqsədilə Şəki regional miqrasiya idarəsi tərəfindən tədbir keçirilib. Müəllim, tələbə heyətinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil edilən görüşdə ölkəmizdə həyata keçirilən miqrasiya siyasəti, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi ilə bağlı görülən işlər barədə məlumat verilib. Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti,  fəaliyyətinin növündən, xarakterindən  və  digər  hallardan  asılı olmayaraq, Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər. Qeyd edilib ki, əcnəbilər Azərbaycanda yaşaya, təhsil ala, işləyə bilərlər. Lakin bütün bunlar ölkə qanunvericiliyi çərçivəsində olmalıdır. Diqqətə çatdırılıb ki, ölkənin orta təhsil müəssisələrində təhsil alan əcnəbi şagirdlərin respublika ərazisində yaşamalarının leqallaşdırılması və onlara müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə görə onların valideyinləri vaxtında Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər. Əks halda onlar buraxılış və qəbul imtahanlarında çətinliklərlə üzləşə bilərlər.

Həmçinin vurğulanıb ki, 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi onu işə cəlb edən hüquqi şəxs, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər.

Tədbirdə Xidmət tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əldə olunmuş nəticələr barədə də məlumat verilib. Bildirilib ki, təkcə cari ilin fevral ayı ərzində 1767 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 19-nun Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 223 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1157 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 368 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Xidmətin Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Lerikdə keçirilmiş tədbirdə isə miqrasiya qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər, əcnəbilərin və vətəndaşlığı olmayan  şəxslərin ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarının şərtləri barədə məlumat verilib. Qeyd edilib ki, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmaması əcnəbinin işə götürülməsinə əsas yaradır. İşəgötürənlər işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir.

Görüşlərin sonunda miqrasiya qanunvericiliyi barədə tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur