newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi BP şirkətinin nümayəndə heyəti ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

F.Nəbiyev BP şirkətinin nümayəndələri ilə əvvəllər keçirilmiş görüşlərini xatırladaraq bildirib ki, aparılmış müzakirələr mövcud problemlərin həll edilməsi istiqamətində müstəsna rol oynayıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə şirkətlə mövcud olan əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, milliləşmə siyasəti ilə bağlı əldə olunan nəticələrə toxunulub və bu əməkdaşlıq sayəsində ötən illər ərzində BP-də çalışan Azərbaycan vətəndaşlarının sayının nəzərəçarpacaq dərəcədə artdığı diqqətə çatdırılıb.

Xidmət rəisi qanunvericilik çərçivəsində şirkətə mümkün dəstəyin verildiyini və gələcəkdə BP şirkətində çalışan Azərbaycan vətəndaşlarının sayının daha da artacağına ümidvar olduğunu bildirib.  Bu tendensiyanın illik planlara uyğun olaraq davam etməsinin zəruriliyini vurğulayıb və bu prosesə diqqət ayrılmasını məmnunluq hissi ilə qeyd edib. F.Nəbiyev razılıq hissi ilə deyib ki, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, işgüzar təmaslar yaranan texniki problemlərin birgə həllinə öz töhfəsini verməkdədir.

Qordon Birrell BP-nin əməliyyatları çərçivəsində Azəbaycanın ən önəmli ölkə olduğunu və dünyada baş verən iqtisadi böhranın Azərbaycanda neft sahəsində həyata keçirilən layihələrə təsirinin olmadığını bildirib. Hazırda tutduğu vəzifədə fəaliyyətinin başa çatdığını deyən Q.Birrel BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yeni təyin olunmuş prezidenti Gerri Consu təqdim edib.

Xidmət rəisi Firudin Nəbiyev Gerri Consu təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

G.Cons fəaliyyəti dövründə mövcud əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur