newsPhoto

Ağdaş rayonunda maarifləndirmə tədbiri keçirilib  

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümü münasibətilə ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya prosedurları ilə bağlı maarifləndirilməsi məqsədilə Xidmət tərəfindən respublikanın şəhər və rayonlarında konfranslar, seminarlar, tədbirlər və görüşlər təşkil edilir və səyyar xidmətlər həyata keçirilir.

Bu silsilədən olan tədbirlərdən biri də Xidmətin Yevlax regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Ağdaş rayonunda keçirilib.

İctimaiyyət nümayəndələrinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirak etdikləri görüşdə Xidmətin məsul əməkdaşı çıxış edərək Azərbaycanın sosial iqtisadi inkişafının nəticəsi kimi ölkəmizə miqrant axınının sürətlənməsi, respublikada miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində görülən işlər, qanunsuz miqrasiyaya qarşı həyata keçirilən tədbirlər, miqrasiya qanunvericiliyinə edilmiş bir sıra dəyişikliklər barədə məlumat verib.

Qeyd edilib ki, dünyada baş verən böhran nəticəsində bir çox dövlətlərin iqtisadiyyatının tənəzzülə uğraması insanları öz doğma yurdlarından layiqli həyat şəraiti olan başqa ölkələrə miqrasiya  etmək məcburiyyətində qoyub. Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi “İnsan üçün harada xoşdursa, harada yaxşı yaşayırsa, harada ailəsi üçün daha uyğun şərait əldə edirsə, orada da yaşayır. Bunların hamısı təbii insani keyfiyyətlərdir” fikri tədbir iştirakçılarının diqqətinə çatdırılıb və Azərbaycanın inamla belə dövlətlər sırasına daxil olması fəxrlə vurğulanıb. Bildirilib ki, Ulu öndərin siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkədə yaradılmış sabitlik, əmin-amanlıq, iqtisadi, sosial inkişaf, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin uğurla reallaşdırılması Azərbaycanı regionun lider dövlətinə və ölkəmiz əcnəbilər üçün cəlbedici məkana çevrilib.

Qeyd edilib ki, ölkədə miqrasiya sahəsində vahid dövlət siyasətini uğurla həyata keçirən Dövlət Miqrasiya Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində qarşısına qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Hüquq-mühafizə orqanı statusu daşıyan Xidmətə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı daxil olmuş müraciətləri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır və müvafiq qərarlar qəbul edilir. Eləcə də qurum tərəfindən qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparılır. Məlumat verilib ki, təkcə bu ilin yanvar ayında 1667 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 17-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 204 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1121 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 325 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib. Ümumiyətlə ötən dövrdə Xidmətin müvafiq qərarlarının icrası təmin olunmaqla qanunsuz miqrantların sayı minimuma endirilib.

Görüşdə DMX-nin təqdim etdiyi xidmətlər üzrə bir sıra prosedurlar ətraflı izah olunub.

Maarifləndirmə tədbirinin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur