Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Tvinninq layihəsi çərçivəsində növbəti tədbiri baş tutdu

 

9-11 Sentyabr 2013-cü il tarixlərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Regional Miqrasiya İdarəsində Tvinninq layihəsi çərçivəsində “Qanunsuz miqrasiyanın qarşısının alınması və ona qarşı mübarizə” sahəsində seminar təşkil edilmişdir. Seminar, Rumıniyanın Baş İmmiqrasiya Müfəttişliyindən, Niderland Krallığının İmmiqrasiya və Pasportların verilməsi İdarəsindən və Latviya Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Məsələləri İdarəsindən dəvət olunmuş ekspertlərin iştirakı ilə həyata keçirilmişdir. Seminarda DMX-nın müxtəlif idarələrindən dəvət olunan əməkdaşlarla yanaşı, Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri də iştirak etmişlər. Seminarın əsas mövzusu, qanunsuz miqrasiyanın qarşısının alınması və ona qarşı mübarizədə Avropa İttifaqına üzv ölkələrin qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində sistemlərinin, həmçinin hüquqi və institusional çərçivənin, bu sahədə qurumlararası əməkdaşlığın aparılması istiqamətlərinin öyrənilməsi və təqdim edilən təkliflərin Azərbaycan Respublikasında tətbiqinin mümkünlüyünün və uyğunluğunun təhlili olmuşdur.

Seminar çərçivəsində iştirakçılar, ekspertlərin təqdimatları əsasında  qanunsuz miqrasiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində hər 3 ölkənin sistemləri ilə tanış olmuş, bu sahədə qurumlararası əməkdaşlıq istiqamətlərini öyrənmiş, dəyirmi masa müzakirələri və fikir mübadiləsi aparmışlar. Sonda iştirakçılara Sertifikatlar təqdim edilmişdir.

Qeyd edək ki, tədbir Avropa İttifaqının Avropa Qonşuluq Tərəfdaşlıq Aləti proqramı çərçivəsində maliyyələşən “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” Tvinninq layihəsi çərçivəsində həyata keçirilmişdir. 2013-2015-ci illəri əhatə edən bu layihə çərçivəsində Dövlət Miqrasiya Xidmətinin əsas tərəfdaşı Niderland Krallığı, digər tərəfdaşları isə Latviya və Rumıniya respublikalarıdır. Ümumilikdə, layihə çərçivəsində miqrasiya sahəsindəki qanunvericilik, qanunsuz miqrasiyaya qarşı mübarizə, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarınıın professional inkişafı üçün təlim-tədris metodlarının inkişafı və ictimaiyyətin miqrasiya məsələləri barədə maarifləndirilməsinin artırılması məqsədilə 4 istiqamət üzrə tədbirlərin keçirilməsi planlaşdırılmışdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur