Şirvanda Miqrasiya Məcəlləsinin təbliğinə həsr olunmuş tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin qəbulu və miqrasiya sahəsində tətbiq edilən yeniliklər barədə ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev tərəfindən Plan təsdiq olunmuşdur. Plana əsasən, Dövlət Miqrasiya Xidmətinin Regional Miqrasiya İdarələrinin şəhər və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbirlər keçirilir.

 

Bu silsilədən olan ilk tədbir 15 avqust 2013-cü il tarixdə Şirvan şəhərində baş tutmuşdur. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Aparatının və Regional Miqrasiya İdarəsinin əməkdaşları, Şirvan şəhər icra hakimiyyətinin səlahiyyətli nümayəndələri, həmçinin bir sıra müəssisə və təşkilat rəhbərləri, sahibkarlar iştirak etmişlər.

 

Dövlət Miqrasiya Xidmətinin Şirvan Regional Miqrasiya İdarəsinin rəis müavini Feyruz Həsənov Miqrasiya Məcəlləsində tətbiq edilən yeniliklər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycanda ilk dəfə olaraq qəbul edilən Məcəllədə yeni normalarla yanaşı bugünədək miqrasiya sahəsini tənzimləyən müxtəlif normativ hüquqi aktların müddəaları toplanmışdır. Məcəllədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, eləcə də nəzərdə tutulmuş normaların tətbiqi sadələşdirilmiş, yaxın qohumluq və digər anlayışların təfsiri verilmiş, vizaların yeni kateqoriyaları, miqrasiya uçotu və digər məsələlərlə bağlı müddəalar öz əksini tapmışdır. Qeyd edilmişdir ki, miqrasiya sahəsində münasibətləri tənzimləyən normaların vahid sənəddə toplanması miqrasiya prosesi iştirakçılarının öz hüquq və vəzifələrini bilmələrini, miqrasiya ilə bağlı məlumatlar əldə etmələrini daha da asanlaşdıracaqdır.

 

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya sahəsində tətbiq edilən yeniliklərə dair maarifləndirmə tədbirləri davam etdirilir. 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur