Dövlət Miqrasiya Xidmətində “Ümummilli lider Heydər Əliyev və miqrasiya prosesləri” mövzusunda mühazirə keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 21 yanvar tarixli 2679 saylı Sərəncamına əsasən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubleyinin keçirilməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev tərəfindən Xüsusi Tədbirlər Planı təsdiq olunub. Plana əsasən Ümummilli liderin irsinin, onun zəngin həyat və siyasi fəaliyyətini əks etdirən mövzuların tədris olunması məqsədilə il ərzində mühazirələr təşkil edilir. Mühazirələr millət vəkilləri, ali təhsil müəssisələrinin müəllimləri, həmçinin ziyalılar tərəfindən keçirilir.

 

Plana uyğun olaraq, 20 iyul 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tərəfindən “Ümummilli lider Heydər Əliyev və miqrasiya prosesləri” mövzusunda miqrasiya orqanları əməkdaşları üçün növbəti mühazirə keçirilmişdir.

 

Ə. Hüseynli Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edərək bildirmişdir ki, Ümummilli lider Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edib və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Millət vəkili vurğulamışdır ki, Ümummilli lider dövlət müstəqilliyinin ilk illərində ölkənin bütün sahələrində, o cümlədən miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində də çox mühüm tədbirlər həyata keçirmişdir. Ulu öndərin qətiyyəti və siyasi uzaqgörənliyi nəticəsində ölkədə daxili-məcburi miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində məqsədyönlü tədbirlər reallaşdırılmışdır. Nəticədə respublikamızdan bir sıra inkişaf etmiş dövlətlərə emiqrasiya prosesi zəifləmiş, digər xalqları təmsil edən bir çox ailələr geri qayıtmışlar. Həmçinin qeyd edilmişdir ki, Ümummilli liderin müəllifi olduğu “Əsrin müqaviləsi”nin imzalanması,  tarixi İpək yolunun bərpası xarici əmək miqrasiyasını ölkəyə cəlb etmişdir.

 

Milli Məclisin deputatı bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin siyasəti Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət rəhbərinin uğurla həyata keçirdiyi siyasət nəticəsində respublikada yaradılan sabitlik, təhlükəsizlik, sosial-iqtisadi inkişaf xarici ölkə vətəndaşlarının Azərbaycanda yaşamaq və işləmək marağını artırıb. Bütün bunları nəzərə alaraq miqrasiya sahəsində dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar qəbul edilmiş, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılmış, bir sıra Fərman və Sərəncamlar imzalanmışdır.

 

Ə. Hüseynli söyləmişdir ki, Azərbaycanın siyasi, iqtisadi, mədəni və digər sahələrdə əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ölkəyə  gələn əcnəbilərin sayının ildən-ilə artması miqrasiya sahəsində vahid bir sənədin hazırlanmasını zəruri etmişdir. Məhz buna görə Azərbaycan Respublikasında ilk dəfə olaraq Miqrasiya Məcəlləsi hazırlanaraq qəbul edilmiş və 2013-cü ilin avqust ayının 1-dən qüvvəyə minəcəkdir. Məcəllədə ölkənin miqrasiya sahəsini əhatə edən bir sıra normativ hüquqi aktların məcmusu öz əksini tapmışdır. Miqrasiya ilə bağlı normaların bir Məcəllədə toplanması əcnəbilərin ölkə qanunvericiliyinin tələbləri barədə asan və rahat formada məlumat əldə etmələrinə imkan yaradacaqdır.

 

Sonda qonaq Xidmətin Heydər Əliyev Muzeyi ilə tanış olmuş, Ulu öndərin zəngin həyat və siyasi fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış olmuşdur.

 

Qeyd edək ki, plana əsasən Ümummilli lider Heydər Əliyevin irsinin, onun zəngin həyat və fəaliyyətini əks etdirən mövzuların tədrisi ilin sonuna kimi davam etdiriləcəkdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur