Dövlət Miqrasiya Xidmətinin rəisi Banqladeş Xalq Respublikasının Xarici İşlər Naziri xanım Dipu Moninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

10 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Banqladeş Xalq Respublikasının Xarici İşlər Naziri xanım Dipu Moninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Qonaqları səmimi salamlayan F.Nəbiyev bildirmişdir ki, Azərbaycan müstəqilliyinin ilk illərində torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi nəticəsində  1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilmiş, ölkədaxili miqrasiya problemləri ilə üzləşmişdir. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə siyasi sabitlik bərqərar olmuş, Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuşdur. Xidmət rəisi qeyd etmişdir ki, Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində hazırda ölkə iqtisadiyyatı dinamik inkişaf edir, çoxsaylı müəssisələr yaradılır, yerli və regional infrastruktur layihələri uğurla həyata keçirilir, yeni-yeni iş yerləri açılır. Bu da əcnəbilərin respublikamıza marağını daha da artırır. Bu səbəbdəndir ki, ölkəmizə gələn əcnəbilərin sayı ildən - ilə artır. Məhz Dövlət Miqrasiya Xidməti bu sahədə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən qurumdur.

 

F.Nəbiyev müstəqil Azərbaycan Respublikasının gənc qurumu olan Dövlət Miqrasiya Xidmətinin ötən müddət ərzində sürətli inkişaf yolu keçdiyini, ölkəmizdə dünya standartlarına uyğun miqrasiya xidmətinin formalaşdığını qonaqların  diqqətinə çatıdırmışdır.

 

Səmimi qəbula görə Xidmət rəisinə təşəkkür edən Dipu Moni Bakıda ilk dəfə olmaqdan məmnun olduğunu dilə gətirmiş, Banqladeş Xalq Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Xocalı soyqırımı məsələsində Azərbaycanı dəstəklədiyini bildirmişdir. O, Azərbaycan Respublikası ilə  Banqladeş Xalq Respublikası arasında siyasi sahədə əlaqələrin yüksək, digər sahələrdə isə nisbətən zəif olduğunu vurğulamışdır. Dipu Moni səfərinin əsas məqsədinin ölkələr arasında ikitərəfli əlaqələrin daha da yaxşılaşdırılması olduğunu diqqətə çatdırmış, gələcədə iki ölkə arasında bir çox sahələrdə olduğu kimi  miqrasiya sahəsində də əlaqələrin inkişaf etdiriləcəyinə əminliyini ifadə etmişdir.

 

Həmçinin görüşdə miqrasiya sahəsində qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilmişdir.   

 

Görüşün sonunda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri F. Nəbiyev Banqladeş Xalq Respublikasının Xarici İşlər Naziri xanım Dipu Moniyə xatirə hədiyyələri təqdim etmişdir.

 

Sonda qonaqlar Xidmətin Heydər Əliyev Muzeyi ilə tanış olmuş, xanım Dipu Moni  xatirə kitabına ürək sözlərini yazmışdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur