Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində Tvinninq layihəsi çərçivəsində növbəti seminar uğurla yekunlaşmışdır

14-16 may 2013-cü il tarixlərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti əməkdaşları üçün Latviyanın Vətəndaşlıq və Miqrasiya məsələləri üzrə İdarəsindən, həmçinin Niderland Krallığının İmmiqrasiya və Pasportların verilməsi İdarəsindən dəvət olunmuş ekspertlərin iştirakı ilə “Qanuni miqrasiya məsələləri, xüsusilə əmək miqrasiyasına dair Avropa İttifaqı  qanunvericiliyinin və siyasətinin həyata keçirilməsində Aİ-yə üzv ölkələrin ən uğurlu təcrübələri və maraqlı tərəflərə boşluqların təhlili hesabatının təqdim olunması” üzrə növbəti seminar təşkil olunmuşdur. Seminarda qanuni miqrasiya, əmək miqrasiyası üzrə Avropa İttifaqının miqrasiya qanunvericiliyi və siyasəti, eləcə də Avropa İttifaqına üzv dövlətlər tərəfindən  Avropa  Birliyi qanunlarının müddəalarının həyata keçirilməsi və qanuni əmək miqrasiyası üzrə milli siyasətin formalaşdırması ilə bağlı məsələlər müzakirə edilmiş, qarşılıqlı təcrübə mübadiləsi aparılmışdır.  

Seminar Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti proqramı çəçivəsində maliyyələşən “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” Tvinniq layihəsi çərçivəsində həyata keçirilmişdir. 2013-2015-ci illəri əhatə edən bu layihədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əsas tərəfdaşı Niderland, digər tərəfdaş ölkələr isə Latviya və Rumıniyadır.

Ümumilikdə, layihə çərçivəsində miqrasiya qanunvericiliyi, qanunsuz miqrasiyaya qarşı mübarizə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının professional inkişafı üçün təlim-tədris metodlarının inkişafı və ictimaiyyətin miqrasiya məsələləri barədə maarifləndirilməsinin artırılması üzrə bundan sonra da 4 istiqamət üzrə seminarlar keçiriləcəkdir. Həmçinin Avropa İttifaqı ölkələrinə təlim səfərləri və görüşlərin keçirilməsi də nəzərdə tutulmuşdur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur