Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) aparat rəhbəri Mohammed Abdikerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə BMqT-nin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erken, Gürcüstandakı Nümayəndəliyinin, həmçinin regionda koordinasiya funksiyalarına malik ölkə ofisinin rəhbəri Lars Yohan Lönnbak, eləcə də Azərbaycan nümayəndəliyinin məsul əməkdaşı Anar İskəndərov iştirak ediblər.
Qonaqları salamlayan Xidmət rəisi BMqT ilə Dövlət Miqrasiya Xidməti arasında formalaşmış səmərəli əməkdaşlığı vurğulayaraq, Xidmət tərəfindən ötən dövr ərzində həyata keçirilən və miqrasiya idarəçiliyinin effektivliyinin artırılmasına, innovativ yanaşmaların tətbiqinə yönələn layihələr, xüsusilə də Yüksək İxtisaslı Miqrant Portalı barədə məlumat verib. Vüsal Hüseynov həmçinin, ölkəmizin ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumunda iştirakının və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində BMqT ilə birgə təşkil olunan panel müzakirələrinin önəmindən bəhs edib.
Səmimi qəbul üçün təşəkkürünü bildirən BMqT-nin aparat rəhbəri Mohammed Abdiker miqrasiya sahəsində birgə əməkdaşlığın vacibliyini qeyd edərək, mövcud münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səylərin davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşün sonunda hazırkı əməkdaşlıq çərçivəsində əldə olunan nəticələr, qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası