Miqrasiya orqanları qulluqçuları peşə bayramını qeyd edir
19 Mart Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 19-cu ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və bir qrup əməkdaşı Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib.
Ziyarətdən sonra Dövlət Miqrasiya Xidmətinin aparatında qurumun yaradılmasının 19-cu ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib.
Görüş iştirakçıları əvvəlcə Dövlət Miqrasiya Xidmətində Heydər Əliyev Muzeyini ziyarət ediblər. Ordumuzun Vətən müharibəsindəki tarixi qələbəsini simvolizə edən “Zəfər Guşəsi”nin önünə gül dəstələri düzüblər.
Dövlət Miqrasiya Xidmətinin inzibati binasında keçirilən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov qurumun yaradılmasının 19-cu ildönümü və peşə bayramı günü, eləcə də Novruz və Ramazan bayramları münasibətilə əməkdaşları təbrik edib. Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin keçdiyi inkişaf yoluna nəzər salaraq son illər ərzində həyata keçirilən fəaliyyətlərdən və tətbiq olunan yeniliklərdən bəhs edib, həmçinin qarşıda duran prioritet hədəflər barədə danışıb.
Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, miqrasiya sahəsində də müasir və innovativ idarəetmə mexanizmləri tətbiq edilir, şəffaflığın və operativliyin artırılması istiqamətində mühüm addımlar atılır, Xidmətin fəaliyyəti davamlı təkmilləşdirilir. Xidmət rəisi vətəndaşlara və əcnəbilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, informasiya texnologiyalarının tətbiqi, miqrasiya rejiminə nəzarət tədbirlərinin həyata keçirilməsi istiqamətində əldə olunan nailiyyətlərdən danışıb.
Vüsal Hüseynov müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qarşıya qoyulan tapşırıqların və həvalə edilən mühüm vəzifələrin icrası üçün miqrasiya orqanları əməkdaşlarının bundan sonra da əzmlə səy göstərəcəklərinə əminliyini ifadə edib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 19-cu ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ilə əlaqədar bir qrup əməkdaş xidmətdə fərqləndiklərinə görə təltif edilib.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 19-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ilə əlaqədar regional miqrasiya idarələrinin əməkdaşları rayon mərkəzlərində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, ruhuna dərin hörmət və ehtiramlarını bildiriblər. Regionlarda yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.
Azərbaycan Respublikası