Ali təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
Dövlət Miqrasiya Xidmətində Elm və Təhsil Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin yanında İctimai Şuranın, ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbər şəxslərinin və nümayəndələrinin iştirakı ilə əcnəbi tələbələrin miqrasiya məsələləri ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri İsmayıl Abdullayev ənənəvi olaraq hər il təşkil edilən maarifləndirmə tədbirinin əhəmiyyətini qeyd edib, görüşün təhsil sahəsində miqrasiya proseslərinin idarə olunması və bu prosesin iştirakçısı olan əcnəbi tələbələrin miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumatlandırılmasında önəmini vurğulayıb. Həmçinin, Dövlət Miqrasiya Xidmətinə elektron qaydada müraciət edilməsinin üstünlükləri qeyd olunub, bu imkanlardan geniş istifadə olunması tövsiyə edilib. Daha sonra Müvəqqəti olma və müvəqqəti yaşama icazələrinin verilməsi şöbəsinin rəisi Şəhriyar Mustafayev tərəfindən əcnəbi tələbələrlə bağlı sənədləşmə işinin səmərəli təşkili, məlumatların dəqiq və dolğun hazırlanması, daxil olan müraciətlər zamanı yol verilən nöqsanların aradan qaldırılması istiqamətində çıxış edilib.
Tədbirdə iştirak edən digər təşkilatların məsul əməkdaşlarının aktual məsələlər üzrə fikirləri dinlənilib. Təhsil sahəsində miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində təkliflər verilib, ölkəmizdə təhsil alan əcnəbi tələbələrin cəmiyyətimizə daha sıx inteqrasiya olunması ilə bağlı tədbirlər müzakirə edilib. Qeyd edilən məsələlərlə bağlı müvafiq qurumlar arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.