newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasına üzv olmaq istəyən namizədlərin qeydiyyatına başlanılır

Azərbaycan Respublikasının ərazisində yaşayan miqrantların cəmiyyətimizə səmərəli inteqrasiyasınının təmin edilməsinin dəstəklənməsi, miqrasiya ilə bağlı məsələlərin həlli üçün əlverişli şəraitin yaradılması, o cümlədən miqrantların özlərinin miqrasiya idarəçiliyinə daha aktiv cəlb edilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və şəffaflığın təmin olunması, habelə miqrasiya sahəsində qəbul edilmiş qərarların əcnəbilərin gündəlik həyatına təsirinin qiymətləndirilməsi məqsədilə yaradılmış Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının yeni tərkibinin formalaşdırılması nəzərdə tutulmuşdur.

Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının üzvlərinin müəyyənləşdirilməsi məqsədilə 2024-cü ilin 28 mart tarixindən 22 aprel tarixinədək namizədlərin qeydiyyatına başlanılır.

Uzun müddət Azərbaycan Respublikasının ərazisində yaşayan, mənsub olduğu dövlətin ölkəmizdə fəaliyyət göstərən icmaları və diaspor təşkilatları ilə sıx təmasları olan, habelə ictimai fəallığı ilə seçilən əcnəbi və vətəndaşlığı olmayan şəxsləri sözügedən Şuranın fəaliyyətində aktiv iştirak etməyə dəvət edirik.

Miqrant Şurasının tərkibi namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra müəyyənləşdiriləcəkdir.

Şuranın üzvlüyünə namizədliyini irəli sürmək niyyətində olan şəxslər tərəfindən  aşağıdakılardan birinin təqdim edilməsi vacibdir:

  • namizədin ətraflı tərcümeyi-halı;
  • və ya aidiyyəti üzrə doldurulmuş ərizə-anket forması (nümunəsini buradan əldə edə bilərsiniz).

Namizədlər tələb olunan məlumatları 22 aprel 2024-cü il tarixədək migrantcouncil@migration.gov.az elektron poçtu vasitəsilə təqdim etməlidirlər.

Qeyd: Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur