newsPhoto

Qambiya nümayəndə heyəti ilə görüş keçirilib

 Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə həyata keçirdiyi “Azərbaycanda readmissiya idarəçiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində ölkəmizdə təcrübə mübadiləsi məqsədilə səfərdə olan Qambiya Respublikasının nümayəndə heyətinin üzvləri ilə Dövlət Miqrasiya Xidmətində görüş keçirilib. Görüşdə həmçinin BMqT-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin məsul əməkdaşı iştirak edib.

Qonaqlara Xidmətin Miqrasiya siaysəti və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov qurumun fəaliyyət istiqamətləri, milli miqrasiya idarəçiliyi, o cümlədən readmissiya məsələləri barədə ətraflı məlumat verib. Görüşdə eyni zamanda 2020-ci ildən etibarən icra edilən “Azərbaycanda readmissiya idarəçiliyinin gücləndirilməsi” layihəsinə toxunularaq, sözügedən layihənin məqsədinin Azərbaycan Respublikası ilə Avropa İttifaqının müvafiq ölkələri arasında readmissiya sorğularının operativ icrası üçün Elektron Readmissiya Sənəd İdarəetmə Sistemini (e-RCMS) yaratmaqdan və işlək hala gətirməkdən, eləcə də readmissiya və məlumatların idarə olunması üzrə institusional bacarıqların artırılmasından ibarət olduğu vurğulanıb.

Nümayəndə heyətinin rəhbəri Sheikh Abdullah Jah Azərbaycanın miqrasiya, xüsusilə readmissiya idarəçiliyi sahəsində, eyni zamanda              e-RCMS-in hazırlanması, fərdiləşdirilməsi və tətbiqi ilə bağlı təcrübəsinin ölkəsi üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə tərəflər arasında miqrasiya sahəsində maraq doğuran digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Daha sonra nümayəndə heyətinin üzvləri Miqrasiya üzrə Regional Təlim Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Burada e-RCMS-in funksionallığı, eləcə də Təlim Mərkəzinin fəaliyyətinə dair təqdimatlar nümayiş olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur