newsPhoto

“Miqrasiya kontekstində uşaqların hüquqlarının müdafiəsi: beynəlxalq standartlar və mövcud təcrübələr” mövzusunda təlim keçirilib

Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF)  birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində miqrasiya kontekstində uşaqların hüquqlarının müdafiəsinə həsr olunmuş 2 günlük təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dünyanın bir sıra bölgələrində baş verən sosial-iqtisadi, siyasi, hərbi vəziyyət fonunda miqrasiya proseslərinin kəskin şəkildə artdığını, bu prosesdə uşaqların xüsusi risk qrupu təşkil etdiyini bildirib.

Müvəkkil miqrasiya prosesi iştirakçıları olan şəxslərin, o cümlədən miqrant uşaqların hüquqlarının müdafiəsi və təmini sahəsində çoxşaxəli fəaliyyəti barədə məlumat verib, Ombudsman təsisatı ilə Dövlət Miqrasiya Xidməti arasında sıx əməkdaşlığın mövcud olduğunu qeyd edib. Bu əsnada miqrasiya sahəsində çalışan dövlət qurumlarının əməkdaşlarının bilik və peşə bacarıqlarının davamlı yüksəldilməsi məqsədilə paytaxt və regionlarda beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda birgə tədbirlərin davam etdirildiyi vurğulanıb.

Ombudsman ölkəmizdə uşaq hüquqlarının müdafiəsi üzrə həyata keçirilən islahatlardan, o cümlədən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən bəhs edib, “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirdiyini söyləyib.

Açılış mərasiminin davamı olaraq, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qonaqları salamlayaraq ölkəmizdə gələcəyimiz olan uşaqların hüquqlarının qorunmasının daim prioritet olduğunu, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa və "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasına uyğun olaraq, uşaqların mənafelərinin daim üstün tutulduğunu qeyd edib. O cümlədən, əcnəbi və vətəndaşlığı olmayan uşaqların hüquqlarının və maraqlarının qorunması üçün də bütün tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, əcnəbi, vətəndaşlığı olmayan, qaçqın və müşayiətsiz uşaqlar Azərbaycan vətəndaşı olan uşaqlara bərabər tutulur, onların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur, hüquq və mənafeləri qanunvericiliyə uyğun olaraq qorunur. Həmçinin, Azərbaycan ilk dəfə olaraq uşaqların miqrasiya idarəçiliyində mərkəzi rol oynadığını qəbul edən əlamətdar bir saziş olan və uşaqlara həssas miqrasiya siyasətlərini özünün 10 əsas prinsipindən biri kimi qəbul edən “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”a qoşulub. Xidmət rəisi vurğulayıb ki, Miqrasiya üzrə Qlobal Pakta, eləcə də ölkəmizin beynəlxalq öhdəliklərinə sadiq qalaraq Dövlət Miqrasiya Xidməti öz fəaliyətini miqrant və qaçqın uşaqların hüquqlarının tam təmin edilməsi istiqamətində qurur və fəaliyyətini daha da təkmilləşdirməyi hədəfləyir.

Təlimlər çərçivəsində UNICEF, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, elədə də Bakı Dövlət Universitetinin nümayəndələri tərəfindən miqrasiya kontekstində uşaq hüquqlarının qorunmasının müxtəlif sahələri ilə bağlı təqdimatlar edilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub. 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur