newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi X Qlobal Bakı Forumu çərçivəsində panel müzakirələrdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-dan 11-dək davam edəcək “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan X Qlobal Bakı Forumu işə başlayıb. Forum çərçivəsində yeni dünya nizamına təhdid yaradan amillər, təhlükəsizlik məsələləri və sülhün bərqərar olması üçün perspektivlər, habelə digər mövzular ilə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Forumda ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.
11 paneldən ibarət olan Forumun “Miqrasiya qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişənin əlaməti kimi” mövzusuna həsr olunan 5-ci panelində Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov məruzəçi qismində çıxış edib.
Xidmət rəisi öz çıxışında xüsusilə son illərdə miqrasiyanın qlobal gündəmdə daha çox aktuallaşdığını, panelin mövzuları olan yoxsulluq, bərabərsizlik, iqlim dəyişikliyi, münaqişələr də daxil olmaqla, müxtəlif səbəblərdən qaynaqlanan daimi və mürəkkəb bir proses olduğunu qeyd edib. Vüsal Hüseynov miqrasiyanın problem kimi deyil, əksinə, həm mənşə, həm də təyinat ölkəsi üçün davamlı inkişaf vasitəsi kimi qəbul edilməsinin vacibliyini vurğulayıb, bu prosesin mühüm faydalarından danışıb.
Daha sonra Xidmət rəisi 30 il  ərzində torpaqlarımızın işğalı nəticəsində məcburi miqrasiyanın yaratdığı problemlərə ölkəmizin şahid olduğunu və 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunduqdan sonra öz yurd-yuvalarından didərgin düşən məcburi köçkünlərin vətənlərinə qayıtmaq hüquqlarının bərpa olunduğunu, bunun da layiqli qayıdış və reinteqrasiya prosesləri ilə bağlı yeni çağırışlar yaratdığını qeyd edib.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, panel müzakirələrdə Ekvador, Latviya və Moldova Respublikalarının sabiq dövlət və hökumət başçıları,  Kolumbiya Respublikasının sabiq xarici işlər naziri, İSESKO-nun sabiq Baş direktoru və Müsəlman Ağsaqqallar Şurasının Baş katibi iştirak ediblər.  


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur