Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması


Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərinə riayət etməli və müəyyən olunmuş müddət bitdikdən sonra ölkə ərazisini tərk etməlidirlər.

Viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz.

Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması  və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olan şəxsin Azərbaycan Respublikasının ərazisində olduğu dövrdə Azərbaycan Respubikası vətəndaşlığına xitam verildikdə, həmin şəxs bu barədə rəsmi məlumat aldığı tarixdən 30 gün ərzində ölkəni tərk etməli, yaxud bu Məcəllənin 45-ci maddəsində müəyyən edilmiş əsaslar olduğu təqdirdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Belə müraciətə baxıldığı dövrdə şəxs Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla müvəqqəti olan hesab edilir.

Əcnəbilər və vətəndaşlığı olmayan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının qanuni tələblərinə əsasən, şəxsiyyətlərini təsdiq edən, habelə Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olmalarını və ya yaşamalarını təsdiq edən sənədləri təqdim etməlidirlər.

***

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış (tranzit keçidi zamanı məcburi dayanma halları istisna olmaqla) müvəqqəti olma müddətinin uzadılması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edərək tələb olunan sənədləri təqdim etməlidirlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılır:

  • Azərbaycan Respublikasının ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda;
  • Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;
  • xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə;
  • tranzit keçid zamanı əcnəbi Azərbaycan Respublikasının ərazisində məcburi dayandıqda.
  • Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadıldıqda.

Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasına dair əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır və müvafiq qərar qəbul edilir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti     olma müddəti  60 günədək  uzadıla bilər.

Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  pasportlarının  və  ya  digər sərhədkeçmə  sənədlərinin  etibarlılıq  müddətlərinin  bitməsinə  1  aydan  az  vaxt qaldıqda, onların ölkədə müvəqqəti olma müddəti uzadılmır.

Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportlarını və ya digər sərhədkeçmə sənədlərini və müvəqqəti  olma  müddətinin  uzadılması  haqqında  qərarı  təqdim  edərək,  dövlət sərhədinin  buraxılış  məntəqələrindən  keçməklə,  ölkəni  tərk  edə  bilərlər.

Əcnəbilər  və  vətəndaşlığı olmayan  şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma  müddətinin uzadılması üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anket;
  • pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;
  • doğum  haqqında  şəhadətnamə  və  ya  ona  bərabər  tutulan  digər  sənədin notariat qaydasında  təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün);
  • müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd;
  • 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
  • qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən  çıxarış, order,  icarə  (kirayə) müqaviləsi  və  ya  Azərbaycan  Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
  • əcnəbiyə və ya vətəndaşlığı  olmayan  şəxsə  yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
  • əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı  olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Qeyd 1: Dövlət  rüsumunun  ödənilməsi barədə  sənəd  Azərbaycan  Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir.

Qeyd 2: Pasportun və ya digər sərhədkeçmə sənədinin surəti, əcnəbinin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi  və  ya  Azərbaycan  Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd), həmçinin əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbinin və ya vətəndaşlığı  olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla) əsli ilə birgə təqdim edilir. Tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.

Ərizə-anket nümunəsi: