newsPhoto

Dövlət Miqrasiya Xidmətində akademik Zərifə Əliyevanın xatirəsi yad edilib

Aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə Dövlət Miqrasiya Xidmətinin (DMX) bir qrup əməkdaşı Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.

Sonra tədbir iştirakçıları Xidmətin aparatında Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən sərgiyə baxıblar.

DMX-də təşkil edilmiş tədbirdə Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyevanın gözəl ana, insani keyfiyyətləri, eləcə də oftalmologiyaya böyük töhfələr vermiş görkəmli alim kimi keçdiyi həyat yolundan bəhs edib. Qeyd edib ki, Zərifə Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin, xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O, bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq da hər zaman tarixdə qalacaqdır.

Digər çıxış edənlər Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin müxtəlif məqamlarından söz açıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, oftalmologiya sahəsində Zərifə xanım Əliyeva “Azərbaycanda kimya sənayesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Alim dünyada ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin - "peşə oftalmologiyası"nın əsasını qoyub. Peşə xəstəlikləri ilə bağlı elmi axtarışlarına görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. O, peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparıb. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərəliləşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır.

Azərbaycan oftalmologiya məktəbinə verdiyi dəyərli töhfəsinin, gənc kadrların hazırlanmasında çox geniş fəaliyyətinin, mərhəmət və nəcibliyinin, yüksək insani keyfiyyətlərinin nəticəsidir ki, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın işıqlı  xatirəsi, ülvi insani keyfiyyətləri, dəyərli elmi fəaliyyəti daim xatırlanır.

Tədbir iştirakçıları sonda akademik Zərifə Əliyeva haqqında filmə baxıblar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur