newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Haaqada Niderland Krallığının Ədliyyə və Təhlükəsizlik Nazirliyinin Repatriasiya və Geri Qaytarma Xidmətinin rəhbərliyi ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri  Firudin Nəbiyevin Niderland Krallığının Ədliyyə və Təhlükəsizlik Nazirliyinin Repatriasiya və Geri Qaytarma Xidmətinin rəhbərliyi ilə fikir mübadiləsi şəraitində keçən görüşündə hər iki ölkənin miqrasiya sahəsində müvafiq qurumları arasında praktiki və innovativ təcrübənin öyrənilməsi ilə bağlı rəhbər səviyyədə baş tutan səfərlərinin tərəflərin fəaliyyətinə verdiyi töhfələrin əhəmiyyəti vurğulanıb. Dövlət Miqrasiya Xidmətinin yaranma tarixinə, fəaliyyət istiqamətlərinə, regional idarələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı görülən tədbirlərə dair verilən geniş məlumat maraqla qarşılanıb. Azərbaycanda miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqinin və vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsinin Dövlət Miqrasiya Xidmətinə həvalə olunmasının əhəmiyyəti vurğulanıb. Vahid Miqrasiya Məlumat Sisteminin  tətbiqinin ölkədə mövcud olan məlumat bazalarına inteqrasiyasının, əcnəbinin ölkəyə gəldiyi gündən ölkəni tərk edənə qədər harada qalması, yaşaması, işləməsi məsələlərinin tam nəzarətdə saxlanılmasına imkan verdiyi diqqətə çatdırılıb. Qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində bu sistemin rolu qeyd edilib.

İlk dəfə Azərbaycanda qəbul olunmuş və  2013-cü il avqustun 1-dən  qüvvədə olan Miqrasiya Məcəlləsi barədə də söhbət açılıb.

Ölkəmizdə tolerantlığın yüksək səviyyədə olmasının miqrasiya proseslərinə təsir edən əsas amillərdən olduğu və bu günə qədər respublikada miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntusu qeydə alınmadığı vurğulanıb.

Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində miqrasiya sahəsində ölkəmizin, o cümlədən Xidmətin əldə etdiyi uğurların bariz nümunəsi kimi Azərbaycanda miqrantların hüquqlarının müdafiəsinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi təqdir olunub.

Görüşdə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” 2014-cü il fevralın 28-də imzalanmış və elə həmin il sentyabr 1-dən qüvvəyə minmiş Sazişin icrası istiqamətində mövcud vəziyyət və perspektivdəki məsələlər təhlil olunub. “Azərbaycan Respublikası və Benilüks dövlətləri (Belçika Krallığı, Böyük Lüksemburq Hersoqluğu və Niderland Krallığı) arasında Sazişin həyata keçirilməsi üzrə” Protokol layihəsinin razılaşdırılması ilə bağlı görülən işlər müzakirə edilib.

Qanunsuz miqrasiya kanallarından istifadə etməklə, o cümlədən gəlişinin bəyan edilmiş məqsədlərini pozmaqla və saxta sənədlərdən istifadə etməklə getdikləri ölkələrin qurumlarının aldadılmasına cəhd edən şəxslərlə bağlı əməkdaşlığın əhəmiyyətindən bəhs olunub. İkitərəfli əlaqələrin uğurlu nümunəsi kimi dünyanın əksər ölkələrindən şəxsiyyəti təsdiq edən sənəd nümunələrinin toplandığı “DISCS-Sənəd Məlumat Sistemin”ə 2015-ci ildən Dövlət Miqrasiya Xidmətinin çıxışının təmin edilməsinə və bunun qanunsuz miqrasiyaya qarşı mübarizədə effektiv vasitə olduğuna toxunulub.

Dövlət Miqrasiya Xidmətinin benefesiar olduğu və 2013-2015-ci illərdə həyata keçirilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin işçi heyətinin professional bacarıqlarının artırılmasına dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Niderland Krallığı ilə əməkdaşlıq məmnunluqla xatırlanıb.

2013-cü il dekabrın 5-də Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikası, Avropa İttifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə” çərçivəsində icra olunan “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın icrasına dəstək (MOBILAZE)” layihəsi vasitəsilə birgə əməkdaşlığın daha da gücləndirilməsi qərara alınıb.

Sonra miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur