newsPhoto

Dövlət Miqrasiya Xidmətində BMT QAK-ın Avropa Bürosunun direktoru ilə görüş keçirilib

Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Avropa Bürosunun direktoru cənab Vinsent Koçetel və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə BMT QAK-ın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Furio De Angelis və qurumun Cənubi Qafqaz üzrə Gürcüstandakı Regional Nümayəndəliyinin yeni rəhbəri Yohannes van der Klauv da iştirak ediblər.

Qonaqları salamlayan və yeni təyinatı münasibəti ilə Yohannes van der Klauvu təbrik edən Xidmət rəsinin müavini Dövlət Miqrasiya Xidməti ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında qurulan sıx əməkdaşlıq əlaqələrinin inkişafı və bir sıra layihələrin uğurla həyata keçirilməsinin əhəmiyyəti barədə geniş məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyası çərçivəsində əldə edilən nailiyyətlər, eləcə də ötən il Nyu - Yorkda  BMT Baş Assambleyasının “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşdə, o cümlədən “Qaçqın və miqrantlar, habelə köçürülmə ilə bağlı məsələlər üzrə beynəlxalq tədbirlər və əməkdaşlıq: qabaqdakı yol” adlı dəyirmi masada Azərbaycan nümayəndə heyətinin fəal iştirakı qurumlar arasında güclənən səmərəli əməkdaşlığın göstəricisidir. Qeyd edilib ki, qaçqınların, məcburi köçkünlərin və miqrantların problemlərinin həll edilməsində dövlətlər və BMT-nin müvafiq mexanizmləri arasında əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Görüşdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illər əldə etdiyi sürətli inkişaf, beynəlxalq aləmdə qazandığı uğurlar, əsrlərdən bəri mövcud olan Avropada miqrantlara qarşı sərgilənən münasibət və ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən məqsədyönlü işlər diqqətə çatdırılıb. Qeyd edilib ki, müstəqilliyinin ilk illərində torpaqlarının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğala məruz qalması nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalan Azərbaycan bu böhranın öhdəsindən demək olar ki, təkbaşına gəldi. Bu gün ölkəyə qaçqın statusu almaq məqsədilə pənah gətirən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə diqqət və qayğı göstərilir. Bu fakt müharibə şəraitində yaşayan Azərbaycan dövlətinin nəinki öz vətəndaşlarının, həm də əcnəbilərin də hüquqlarının qorunmasına həssas yanaşdığını və bunu təmin etməyə qadir olduğunu göstərir.

Vinsent Koçetel qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövlətinin gördüyü işləri yüksək qiymətləndirib, vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi  istqamətində Dövlət Miqrasiya Xidməti ilə birgə işin aparılmasının vacibliyini vurğulayıb və qarşılıqlı əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur