newsPhoto

Dövlət Miqrasiya Xidmətində İsrailin Azərbaycandakı səfiri ilə görüş olub  

Yanvarın 19-da Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev İsrailin Azərbaycandakı səfiri Dan Stavla görüşüb.

Tanışlıq, ikitərəfli əlaqələrin müzakirəsi, İsrail vətəndaşları üçün miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumat əldə etmək məqsədilə keçirilən görüşdə əvvəlcə ölkələrimiz arasında əlaqələrdən söhbət açılıb. Ötən ilin sonunda İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə keçirilən görüş və aparılan müzakirələrə toxunulub. Multikultural dəyərlərin həyat tərzinə çevrildiyi Azərbaycanda yaşayan yəhudilərin xalqlarımız arasında körpü rolunu oynadığı vurğulanıb.

Firudin Nəbiyev Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaradılmış şərait haqqında konkret faktları diqqətə çatdırıb. Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi, idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və milli miqrasiya qanunvericiliyi barədə geniş məlumat verib. Ölkəyə qanuni yollarla gələn və respublikada olmasını və yaşamasını leqallaşdıran  hər bir əcnəbinin hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğunu bildirib. Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyindəki yenilikləri diqqətə çatdırıb. Azərbaycanda  əcnəbi iş adamlarına səmərəli fəaliyyət üçün mühüm imkanlar yaradıldığını deyib. Bildirib ki, Azərbaycana investisiya qoyan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərin ölkədə olma və yaşamaları, həmçinin iş icazləri ilə bağlı məsələlər Miqrasiya Məcəlləsində kifayət qədər sadələşdirilib. Bu da əcnəbilərin Azərbaycanda iş qurmaları üçün yeni imkanlar açıb.

Xidmət rəisi, həmçinin Azərbaycanın Vahid Miqrasiya Məlumat Sisteminin imkanlarından bəhs edib.

Dan Stav ölkəmizdə səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu bildirib. Diplomat ölkəmizin və Bakının gözəlliyini, həmçinin xalqımızın səmimiliyini qeyd edib. Səfir miqrasiya idarəetməsi sahəsində Azərbaycanda bir dövlət qurumun fəaliyət göstərməsini, eyni zamanda bu sahədə vahid normalar məcmusunun - Miqrasiya Məcəlləsinin  olmasını təqdir edib. Fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə çalışacağını, ölkәlәrimiz arasında bütün sahələrdə, o cümlədən miqrasiya sahəsində də әlaqәlәrin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur