newsPhoto

Ağdaş və Ucar rayonlarında vətəndaşsızlıq hallarının aradan qaldırılması ilə bağlı məsələlər müzakirə olunub

Şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə  nümayəndələrin, vətəndaşların, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə Yevlax regional miqrasiya idarəsinin xidmət ərazisində yerləşən Ağdaş və Ucar rayonlarında “Vətəndaşsızlıq hallarının aradan qaldırılması” mövzusunda keçirilən maarifləndirmə tədbirlərində Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli  84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”ndakı əsaslar barədə məlumat verilib.

Görüşlərdə Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı da məlumatlar təqdim olunub. Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna əsasən ölkə ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycanın dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

Həmçinin şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda və yaxud şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda, eləcə də, şəxsin ölkəmiz qarşısında xüsusi xidmətləri olduqda o, qeyd olunan şərtlər nəzərə alınmadan Azərbaycan vətəndaşlığına qəbul edilə bilər.

Bundan başqa, əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxs öz vəsatəti əsasında Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilə bilər.

Tədbirlərdə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsaslar barədə də məlumatlar verilib. Qeyd olunub ki, Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi, dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi, dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi və Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi Azərbaycan vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.

Ölkə vətəndaşlığının itirilməsi məsələsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur