newsPhoto

Miqrasiya   qanunvericiliyi  sahəsində  maarifləndirmə ilə bağlı tədbir keçirilib

 

Miqrasiya   qanunvericiliyi  sahəsində  ictimaiyyətin  maarifləndirilməsi məqsədilə Gəncə regional miqrasiya idarəsinin xidmət ərazisində yerləşən Tovuz rayonunda “Vətəndaşsızlıq hallarının aradan qaldırılması və son illər bu sahədə görülmüş tədbirlər” mövzusunda keçirilən tədbirdə şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə   nümayəndələr, vətəndaşlar, əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Dövlət Miqrasiya Xidməti miqrasiya proseslərinin idarə edilməsi, həmçinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinİ əsas götürməklə respublikamıza təşrif buyuran hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ölkədə olma və yaşama qaydalarına əməl etmələrinin təmin olunması, eləcə də vətəndaşsızlıq hallarının aradan qaldırılması üçün tədbirləri davam etdirir. Bu fikirlər Xidmətin məsul əməkdaşının mövzu ilə bağlı məruzəsində səslənib. Bildirilib ki, Azərbaycan Prezidentinin 6 mart 2008-ci il tarixli fərmanına müvafiq olaraq vətəndaşlıq məsələlərində iştirakı təmin edilmiş Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşsızlıq hallarının aradan qaldırılması, ölkəmizin müxtəlif regionlarında məskunlaşmış vətəndaşlığı olmayan şəxslərin aşkarlanması, sənədləşdirilməsi istiqamətində görülən tədbirlər öz nəticəsini verir. Belə ki, Azәrbaycan Prezidentinin müvafiq sәrәncamları ilә 2008­-ci ildәn indiyәdәk 1682 nәfәrin Azәrbaycan vәtәndaşlığına qәbul və bərpa edilib. Bununla belә, bu müddәt әrzindә 62 mindən çox şәxsin Azәrbaycan Respublikası vәtәndaşlığına mәnsubiyyәti tanınıb vә onlar müvafiq dövlәt qurumu tәrәfindәn ölkə vәtәndaşının şәxsiyyәtini tәsdiq edәn sәnәdlәrlә tәmin edilib.

Sonra Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı göstərilən xidmətlər barədə ətraflı məlumat verilib, həmçinin miqrasiya qanunvericiliyində baş vermiş dəyişikliklər şərh olunub. Qeyd olunub ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna 2014-cü il 30 may tarixli dəyişikliklər əsasında yeni redaksiyada verilmiş qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan ərazisində olduqda Dövlət Miqrasiya Xidmətinə, ölkə hüdudlarından kənarda olduqda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsilə Xarici İşlər Nazirliyinə yazılı məlumat verməlidir. Əks halda Cinayət Məcəlləsinin 318-2-ci  maddəsinə  əsasən, həmin vətəndaşlar  3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər ilə cəzalandırılırlar.

Xidmətin məsul əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur