newsPhoto

Dövlət Miqrasiya Xidməti turizm obyektlərinin nümayəndələri ilə görüş keçirib    

Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisində yerləşən turizm obyektlərinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən turizmin inkişafına göstərilən diqqətin nəticəsidir ki, müasir dövrümüzdə təkcə paytaxtda yox, həmçinin regionlarda da beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunub, yeni turizm zonaları yaradılıb.

Bir sözlə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və hotellər dünya standlartlarına uyğun qurulub və bu gün respublikamız perspektivli turizm ölkəsinə   çevirilib. Bildirilib ki, hazırda Azərbaycan kifayət qədər turisti qarşılamaq və lazımı səviyyədə yerləşdirmək imkanına malikdir. 

Qeyd olunub ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş və miqrasiya proseslərinin idarə edilməsi, həmçinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərini prioritet kimi müəyyən edən Dövlət Miqrasiya Xidməti ölkəmizə təşrif buyuran hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin, eləcə də turistlərin ölkədə olma və yaşama qaydalarına əməl etmələrinin təmin olunması, onlara rahat, operativ və şəffaf xidmət üçün beynəlxalq standartlara cavab verən tədbirləri davam etdirir.

Görüşdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində 10 gündən artıq qalmaq istədikləri halda qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına gəldiyi vaxtdan 10 gün ərzində Dövlət Miqrasiya Xidmətində olduğu yer üzrə qeydiyyata düşməsi prosedurları barədə izahedici söhbət aparılıb.

Çıxışlarda diqqətə çatdırılıb ki, Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə görə əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi qəbul edən tərəf  - mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana yaxud başqa belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun və ya digər sərhədkeçmə sənədinin surətini onun olduğu yer üzrə qeydiyyata alınmasını təmin etmək üçün DMX-nin internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq ərazi üzrə regional miqrasiya idarəsinə təqdim etməlidir.

Olduğu yer üzrə qeydiyyata alınmaları üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də qanunvericiliklə müəyyən olunmuş qaydada müraciət edə bilərlər.

Xidmətdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi işinə xüsusi fikir verildiyi və əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatla bağlı müraciətlərinin həm də elektron qaydada qəbulunun həyata keçirildiyi bildirilib.

Sonra DMX-nin Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin əməkdaşı Xidmətin www.migration.gov.az saytında “Elektron xidmətlər” bölməsinə daxil olmaqla olduğu yer üzrə qeydiyyat pəncərəsində fiziki və ya hüquqi şəxs kimi qeydiyyatdan keçib əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması qaydasını əyani şəkildə təqdim edib.

Görüşdə diqqətə çatdırılıb ki, xarici qonaqların qalmaq üçün seçdiyi mehmanxanaların müdriyyəti qanunvericiliklə müəyyən olunmuş qaydada onların olduğu yer üzrə qeydiyyatlarının təmin edilməsi işinə məsuliyyətlə yanaşmalıdırlar.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur