newsPhoto

İyunun 16-da Dövlət Miqrasiya Xidmətində Avstriya Respublikasının nümayəndəsi ilə görüş olub

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin Avstriya Respublikasının Federal Daxili İşlər Nazirliyinin Gürcüstan və Azərbaycan üzrə əlaqələndirici şəxsi Karlhaynz Cozef Gortano ilə görüşündə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub. İki ölkə arasında dostluq münasibətlərinin və əlaqələrin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi istiqamətində son illər atılmış addımlar barədə söhbət açılıb. Ölkələrimiz arasında miqrasiya sahəsində əlaqələrin perspektivlərinə diqqət çəkilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əldə olunmuş nailiyyətlərə, sabitliyin, təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğuna toxunan F.Nəbiyev Avropa Oyunları kimi möhtəşəm idman tədbirindən sonra sabah start götürəcək Formula-1 Avropa Qran-prisinin də təşkilatçılığının Azərbaycana həvalə olunmasının respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə qazandığı uğurların beynəlxalq ictimaiyyət tərəfindən etirafı kimi səciyyələndirib.

Miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində ölkəmizdə əsaslı işlər görüldüyünü deyən Xidmət rəisi əlavə edib ki, əldə edilmiş uğurların nəticəsidir ki, Azərbaycan miqrasiya baxımından mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrilib. Azərbaycanda miqrasiya sahəsində qanunvericilik ildən-ilə təkmilləşdirilir, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması təmin edilir.

Daha sonra müasir dünyada miqrasiya və miqrantlar mövzusu, Avropada yaşanan miqrant böhranı ilə bağlı müzakirələr aparılıb.

“Azərbaycan Respublikası və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”in icrası, “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişin icra protokolu”nun imzalanması üzrə danışıqların başlanılmasına dair fikir mübadiləsi aparılıb.

Avstriya Respublikasının Federal Daxili İşlər Nazirliyinin Gürcüstan və Azərbaycan üzrə əlaqələndirici şəxsi Karlhaynz Cozef Gortano səmimi qəbula görə minnətdarlıq edib.

Görüşdə qarşlıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur