Dövlət Miqrasiya Xidməti Biləsuvarda maarifləndirici tədbir təşkil edib  

 

Rayonun inzibati ərazi dairəsi üzrə kənd icra nümayəndəliklərinin rəhbər işçiləri, kənd bələdiyyə sədrləri və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Lənkəran regional miqrasiya idarəsinin rəisi Səmədağa Abdullayev çıxış edərək bildirib ki, Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində də idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi istiqamətində əsaslı tədbirlər həyata keçirilir. Qeyd edilib ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi dövlətimizin tolerant, dözümlülük prinsipləri əsasında idarə edilməsinin daha bir nümunəsidir.

Xidmətin digər əməkdaşları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı, onlara Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi qaydalarından söz açıblar. Mərasimdə Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi, miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyətlər haqqında da məlumat verilib.

Tədbirdə, həmçinin vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində görülən işlər, regionlarda keçirilən çoxsaylı tədbirlərin konkret nəticələri diqqətə çatdırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur