Dövlət Miqrasiya Xidmətində andiçmə mərasimi

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qulluğa qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib. DMX-nin  Təlim tədris mərkəzində ilkin peşə hazırlığı istiqaməti üzrə kursu başa vurmuş gənc əməkdaşlar miqrasiya orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, hüquq və vəzifələrini qərəzsiz, vicdanla, qanuna tam uyğun həyata keçirəcəklərinə, miqrasiya qulluqçusunun şərəf və ləyaqətini uca tutacaqlarına and içiblər.

Sonra Dövlət Miqrasiya  Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev xidmətə yeni başlayan əməkdaşları təbrik edib.

Xidmət rəisi hüquq mühafizə orqanı statuslu qurumun fəaliyyətindən söhbət açıb, əldə olunan nailiyyətlər və perspektiv planlara toxunub. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Dövlət Miqrasiya  Xidmətində yüksək səviyyəli iş şəraitinin yaradıldığına, xidmət aparılması üçün müasir, şəffaf bir sistemin formalaşdırıldığına diqqət çəkib.

F.Nəbiyev ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafından, dünyada tolerantlıq nümunəsi kimi  rolundan bəhs edib. Xidmət rəisi son illər məhz bu amillərə görə ölkəmizə artan maraqdan, respublikamıza təşrif buyuran əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayının nəzərəçarpacaq dərəcədə artmasından və bu nöqteyi-nəzərdən miqrasiya orqanları əməkdaşlarının üzərinə düşən məsuliyyətdən danışıb. Bildirib ki Xidmətdə şəffaflıq, operativlik, nəzakətlilik və məsuliyyət prinsipləri əsas prioritetdir.

III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev gənc əməkdaşlara yeni başladıqları xidmətdə uğurlar arzulayıb.

Xatırladaq ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il oktyabrın 12-də miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirmişdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur