“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin peşəkar inkişafına dəstək” adlı Tvinninq layihəsinin  7-ci Rəhbərlik görüşü olub

Əvvəlcə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru xanım Rodia Maası qəbul edib. Görüşdə qloballaşan dünyada miqrasiya məsələsinin aktuallığına diqqət çəkilib. Avropa İttifaqına üzv ölkələrin və Azərbaycan Respublikasının ən yaxşı təcrübəsinə əsaslanaraq Tvinninq layihəsi çərçivəsində görülmüş işlər və əldə olunmuş nəticələr təhlil olunub, həyata keçirilən tədbirlərdən danışılıb, uğurlu əməkdaşlığın perspektivləri müzakirə olunub.

Dövlət Miqrasiya Xidmətində Avropa İttifaqının Avropa Qonşuluq Tərəfdaşlıq Aləti proqramı çərçivəsində maliyyələşən Tvinninq layihəsi Rəhbər Komitəsinin 7-ci görüşündə hesabat dövründə komponentlər üzrə fəaliyyət istiqamətlərinin nəticələri müzakirə edilib. Tənzimlənməyən miqrasiyanın fəsadlarından bəhs olunub. Təşrif buyurduqları ölkələrdə əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin olmaqlarını, yaşamaqlarını leqallaşdırmalarının həm miqrasiya edənlər, həm də həmin cəmiyyət üçün əhəmiyyətinə toxunulub. Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev miqrasiya proseslərinin idarəedilməsi, beynəlxalq konvensiya və milli qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi işində miqrasiya qulluqçularının üzərinə düşən məsuliyyəti, bu baxımdan kadrların peşəkarlığının artırılmasına verilən ciddi önəmi qeyd edib.

Tvinninq layihəsi Rəhbər Komitəsinin 6-cı görüşündən keçən dövr ərzində əldə olunan nəticələr müsbət qiymətləndirilib.

Görüşdə layihənin Avropa İttifaqından tərəfdaş ölkələri olan Niderland, Rumıniya və Latviyadan ekspertlər, benefisiar ölkə tərəfindən layihə rəhbəri, layihə üzrə əlaqələndirici şəxs, Komponent rəhbərləri, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin, həmçinin Avropa İttifaqı nümayəndəliyinin əməkdaşları iştirak ediblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur