Dövlət Miqrasiya Xidmətində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir

Fevralın 26-da Dövlət Miqrasiya Xidmətində Xocalı faciəsi qurbanlarının xatirəsi yad olunmuşdur. Soyqırımı əks etdirən foto və kitab sərgiləri Xidmətdə və Regional Miqrasiya İdarələrinə müraciət edən əcnəbilər tərəfindən də əsl həqiqətin mənzərəsini görmək baxımından çox böyük  əhəmiyyətə malik bir məqam kimi diqqəti çəkmişdir. Təqdim olunan foto və video materiallar, müxtəlif dillərdə çapdan çıxmış  elmi və publisistik nəşrlər uşağa, qadına, qocaya, xəstəyə belə rəhmi gəlməyən erməni vəhşiliyi barədə aydın təsəvvür yaratmışdır.

Sərgi ilə tanışlıqdan sonra Xidmətin akt zalında anım tədbiri davam etdirilmişdir. 20-ci əsrin ən böyük faciəsi olan qətliam qurbanlarının xatirəsi  bir dəqiqəlik sükutla yad olunmuşdur. Daha sonra Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev Azərbaycan xalqının keçdiyi keşməkeşli tarixə nəzər salmış, ermənilərin hələ keçən yüzilliyin əvvəllərində havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı həyata keçirdikləri qırğınlar barədə məlumatları tarixi faktlarla mərasim iştirakçılarının diqqətinə çatdırmışdı. Bir məqam da xüsusi vurğulanmışdır ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşdirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində beynəlxalq ictimaiyyət əsl həqiqətdən xəbər tutur, bir neçə ölkə parlamenti və beynəlxalq təşkilatlar tərəfindən bu soyqırım faktı etiraf olunur. Görülən işlər yalnız azərbaycanlı olduğuna görə qətlə yetirilən günahsız insanların qanının yerdə qalmayacağına dərin inam yaratmışdı.

Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayan, BMT TŞ-nın dörd qətnaməsinə məhəl qoymayan Ermənistanın təcavüzkarlığına dünya birliyinin laqeyid qalması təəssüflə  qeyd olunmuşdur. Tarixdən ibrət dərsi almaq, xalqımızın başına gətirilən bu müsibətlər barədə məlumatları  gələcək nəsillərə, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün hər kəsin, o cümlədən hər bir miqrasiya əməkdaşının üzərinə düşən məsuliyyətdən söhbət açılmışdı.

Tədbirin sonunda  1992-ci il fevralın 25-dən 26-a keçən gecə yer üzündən silinmiş 7500 əhalisi olan Xocalının tarixindən və 613 nəfərin insanlığa sığmayan vəhşiliklə qətlə yetirilməsindən, ermənilərin insanlıq əleyhinə həyata keçirdikləri soyqırımdan bəhs edən sənədli film nümayiş etdirilmişdi.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur