newsPhoto

Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb  

Dövlət Miqrasiya Xidmətinin aparatında miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı faciəsinə həsr olunmuş foto və kitab sərgisi açılıb.

Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə  Xidmətdə və regional miqrasiya idarələrində mərasimlər təşkil olunub. 

DMX-də keçirilmiş mərasimdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən DMX rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev Xocalı faciəsini insanlığa qarşı qətliam adlandırıb, bunun soyqırımı faktı olduğunu deyib. Bildirib ki, o vaxt Xankəndində yerləşən 366-cı alayın köməyi ilə erməni terrorçuları Xocalı şəhərini yerlə-yeksan ediblər. Azərbaycanlılara qarşı soyqırımı törədiblər.  Mərasimdə bu soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərə diqqət çəkilib. Xüsusi vurğulanıb ki, Prezident İlham Əliyevin Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması və informasiya müharibəsində respublikamızın mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlər öz nəticəsini verməkdədir. Hazırda Azərbaycan dövləti, vətəndaşlarımız, xaricdəki soydaşlarımız tərəfindən Xocalı faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır. Buna misal olaraq “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər, dünyanın müxtəlif ölkələrində gənclərimizin keçirdiyi aksiyalar, aparıcı təşkilatlara, beynəlxalq qurumlara Xocalı müsibətini əks etdirən məlumatların göndərilməsi təqdir olunmalıdır. Ümumiyyətlə, Azərbaycan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünyaya çatdırmağa və hətta bir sıra ölkələrin parlamentlərində müvafiq hüquqi sənədlərin qəbuluna nail olub.

Mərasimin sonunda Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş olunub.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur