newsPhoto

Dövlət Miqrasiya Xidməti maarifləndirmə tədbirlərini davam etdirir  

Tədbirlər planına uyğun olaraq Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 8-ci ildönümü ərəfəsində respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi ilə bağlı  tədbirlər davam etdirilir.

Qafqaz Universitetində keçirilmiş görüşdə Azərbaycan Respublikasında çalışan əcnəbi elm xadimlərinin və ali təhsil alan əcnəbi tələbələrin miqrasiya sahəsində mövcud qanunvericilik aktlarının tələblərinə dair məlumatlandırılması və maarifləndirilməsi məqsədilə ətraflı izahat işləri aparılıb. Milli qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, həmçinin mövcud inzbati prosedurların sadələşdirilməsi, xidmət göstərilən kontingentin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məmnunluq səviyyələrinin artırılması məqsədilə atılan addımlardan, miqrasiya qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklərdən bəhs olunub. Məcəlləyə edilmiş yeni dəyişikliklərə əsasən ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində olduğu yer üzrə qeydiyyat barədə Azərbaycan, rus və ingilis dillərində müvafiq bildiriş vərəqlərinin verilməsi də yeniliklərin nümunəsi kimi qeyd edilib.

Əcnəbi tələbələrin ən çox təhsil aldıqları, tarixi ənənəsi olan Azərbaycan Dövlət Neft Akademiyasında da təşkil olunmuş görüşdə Prezident İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkəmizin nail olduğu uğurlardan, neft sənayesinin, eləcə də qeyri-neft sektorunun inkişafından söhbət açılıb. Bu nailiyyətlərin miqrasiya proseslərinə təsiri barədə danışılıb.

Miqrasiya Məcəlləsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatının, ölkə ərazisində yaşamalarının əsasları və müddətlərinin, onların ölkəmizdə müvəqqəti və daimi yaşamasının reqlamentləşdirilməsi, xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat sisteminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına bərpa, qəbul üzrə müəyyən edilmiş meyarlar görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb. Miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyətin artırıldığına diqqət çəkilib.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur