Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən regionlarda ölkə qanunvericiliyinin tələblərini pozmuş 167 əcnəbi saxlanılmışdır

Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər mütəmadi olaraq davam etdirilir.

Ötən həftə ərzində Xidmət əməkdaşları tərəfindən respublikanın Mingəçevir, Hacıqabul, Sabirabad, həmçinin Quba, Qusar rayonlarında müvafiq yoxlamalar aparılmışdır. Nəticədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində qanunsuz yaşayan, qeyri-qanuni küçə ticarəti ilə məşğul olan, müvafiq fərdi icazə alınmadan tikinti sahəsində çalışan 167 əcnəbi vətəndaş saxlanılmış və barələrində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq qərarlar qəbul edilmişdir.

Saxlanılan əcnəbilər arasında Moldova Respublikasının, Türkiyə Respublikasının vətəndaşları üstünlük təşkil etmişdir.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında intensiv tədbirlər davam etdirilir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur