Azərbaycan nümayəndə heyəti Aşqabadda təşkil olunmuş “Müsəlman dünyasında qaçqınlar” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir

11-12 may 2012-ci il tarixlərdə Türkmənistan Respublikasının paytaxtı Aşqabad şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT), Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) və Türkmənistan Hökumətinin birgə təşkilatçılığı ilə “Müsəlman dünyasında qaçqınlar” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Nazirlər səviyyəsində keçirilmiş konfransın işində İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin, 40-a yaxın beynəlxalq və hökumətlərarası təşkilatların nümayəndələri, 21 ölkədən, o cümlədən Rusiya Federasiyası, Çin Xalq Respublikası, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqına üzv olan ölkələrin müşahidəçiləri iştirak etmişlər.

 

Konfransı giriş sözü ilə Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdımuhammədov açmış və toplantının təşkil edilməsinə görə İƏT, BMT, BMT QAK rəhbərliyinə təşəkkürünü bildirmişdir. Tədbirdə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş çıxış etmişlər.

 

Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri, Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri cənab Pərviz Musayev konfransda çıxış edərək, Azərbaycan Respublikasında qaçqınların, məcburi köçkünlərin, sığınacaq axtaran şəxslərin problemləri ilə bağlı dövlətin həyata keçirdiyi bir sıra mühüm addımlar barədə konfrans iştirakçılarını məlumatlandırmışdır. Xidmət rəisinin müavini bildirmişdir ki, Azərbaycan Respublikası BMT-nin Qaçqınların statusuna dair 1951-ci il Konvensiyası və onun 1967-ci il Protokoluna və eləcə də Vətəndaşsızlıq hallarının azaldılması haqqında 1961-ci il Konvensiyasına qoşulmuş və öz milli qanunvericiliyini tam şəkildə bu konvensiyaların tələblərinə uyğunlaşdırmışdır. Azərbaycan dövləti bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində bir sıra qanun, normativ-hüquqi aktlar qəbul edib və onların icrası üçün zəruri tədbirlər həyata keçirir. Azərbaycanda qaçqın statusunun verilməsi ilə bağlı müvafiq prosedur təsis edilmişdir və bu prosedurun tətbiqinin təkmilləşdirilməsi istiqamətində davamlı iş aparılır. P.Musayev bu sahədə əldə edilmiş uğurlarda BMT QAK ilə əməkdaşlığın xüsusi rolunu vurğulayaraq, Azərbaycan hökumətinə və ölkəmizdəki qaçqın və məcburi köçkünlərə göstərdiyi dəstəyə görə təşkilata öz təşəkkürünü bildirmişdir.

 

Xidmət rəisinin müavini həmçinin konfrans iştirakçılarının nəzərinə çatdırmışdır ki, Ermənistanın 1988-1993-cü illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişdir.

 

P.Musayev Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkə ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlərin mövcud vəziyyəti ilə bağlı konfrans iştirakçılarına məlumat vermiş, onların öz doğma torpaqlarına qaytarılmalarının zəruriliyini vurğulamış və bu istiqamətdə beynəlxalq ictimaiyyətin köməyinin vacibliyini qeyd etmişdir.

 

Bildirilmişdir ki, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşmüşdür. Hərbi əməliyyatlar nəticəsində on minlərlə insan, o cümlədən mülki şəxslər, qadınlar, uşaqlar və qocalar həlak olmuşdur. Münaqişə Azərbaycan iqtisadiyyatına  60 milyard  ABŞ dolları məbləğindən çox ziyan vurmuşdur.

 

Pərviz Musayev daha sonra bildirmişdir ki, bu gün Azərbaycanda "qaçqın" statusu almaq niyyətində olan (sığınacaq axtaran) 1767 şəxs mövcuddur. Bu rəqəm 18 il əvvəl təqribən 12 min nəfər olmuşdur ki, ötən illər ərzində onlardan 10 mindən artığı üçün həll yolu tapılmışdır. Yerdə qalan nisbətən az sayda şəxslərin məsələlərinin həlli istiqamətində müvafiq səylər göstərilir və bu sahədə Azərbaycan hökuməti BMT QAK-la əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirmək niyyətindədir. Beləliklə, hazırda Azərbaycanda bir milyona yaxın qaçqın, məcburi köçkün və «qaçqın» statusu almaq niyyətində  olan (sığınacaq axtaran) şəxs vardır.

 

Xidmət rəisinin müavini  həmçinin qeyd etmişdir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bərqərar olmuş siyasi sabitlik, uğurlu  iqtisadi islahatlar əhalinin, o cümlədən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli və xüsusilə onların həyat şəraitinin yaxşılaşdırılmasına imkan verir. Artıq 1998-ci ildə Ermənistandan olan 250 min nəfər azərbaycanlı qaçqına Azərbaycan vətəndaşlığı verilmişdir. Azərbaycan hökumətinin səyləri sayəsində məcburi köçkünlərin yaşadığı 12 çadır düşərgəsi 2007-ci ildə ləğv edilmiş, yeni salınmış 70 müasir qəsəbəyə 21.600 ailə, 107 min nəfərdən çox qaçqın və məcburi köçkün köçürülmüşdür. Hazırda qaçqınlar və məcburi köçkünlər arasında yoxsulluq həddi 74 faizdən 18 faizədək azalmışdır.

 

P.Musayev eyni zamanda vurğulamışdır ki, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün atılan addımlar yalnız müvəqqəti tədbirlərdir. Bu problemlərin yekun və yeganə həlli Azərbaycanın bütün işğal olunmuş ərazilərinin azad edilməsi və məcburi köçkün düşmüş insanların öz doğma torpaqlarına qayıtmasıdır.

 

Qeyd edilmişdir ki, Azərbaycan tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinin əsasında nizamlanması üçün əlindən gələni edir. Ermənistan Respublikası, əksinə, xalqlarımız arasında inam yaratmaq əvəzinə ədavəti qızışdırmağa, bölgədə nifrət hissinin kök salmasına səy göstərir.

                                                                                                             

Azərbaycanın işğal altında olan 20 faiz ərazisində infrastruktur tamamilə dağıdılmış və 1949-cu il Cenevrə Konvensiyasının tələblərinə zidd olaraq erməni əsilli mülki əhali kənardan gətirilərək bu ərazilərə yerləşdirilir. Tərkibində BMT QAK-ın nümayəndələrinin də iştirak etdiyi ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin Səhra Qiymətləndirmə Missiyası 2010-cu ilin oktyabrında Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, işğal altındakı Dağlıq Qarabağa və ətraf 7 rayona səfər zamanı bu cür halların bir daha şahidi olmuşdur.

 

Bu vəziyyətin bütövlükdə region üçün çox təhlükəli olduğunu nəzərə çatdıran  Azərbaycan nümayəndə heyətinin rəhbəri P.Musayev çıxışının sonunda vurğulamışdır ki, bu səbəbdən beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü təmin etməli, regionda sülhün, ədalətin bərpa olunması üçün öz səylərini qətiyyətlə səfərbər etməlidir.

 

P.Musayev çıxışının sonunda Azərbaycanın növbəti illərdə də öz öhdəliklərinə sadiq olaraq İƏT-lə əməkdaşlığının davamlı olacağına əminliyini ifadə etmişdir.

 

İki gün davam edən beynəlxalq konfransın sonunda 57 dövləti özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin nazirləri və nümayəndə heyətlərinin rəhbərləri adından Aşqabad Bəyannaməsi qəbul edilmişdir. 18 bənddən ibarət olan Aşqabad Bəyannaməsinin 9-cu bəndində təşkilata üzv olan dövlətlərin Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ regionundan və ətraf ərazilərdən qovulmuş azərbaycanlı qaçqın və əhalinin vəziyyəti və humanitar problemlərin ölçüsü və ciddiliyi barədə dərin narahatçılığı ifadə edilmişdir. Üzv ölkələr azərbaycanlı qaçqınların və qovulmuş əhalinin təhlükəsiz, şərəf və ləyaqətlə öz evlərinə qayıtmasına imkan yaradılmasına çağıraraq, Azərbaycan hökuməti və xalqı tərəfindən bu istiqamətdə göstərilən səylərlə həmrəyliyini yenidən təsdiq edərək, İƏT, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tam icrasını tələb etmişlər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur