Ümumdünya Turizm Təşkilatının baş katibi Dövlət Miqrasiya Xidmətində olmuşdur

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov noyabrın 16-da Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Xidmət rəisi Arzu Rəhimov qonaqları səmimi salamlayaraq Azərbaycanda miqrasiya prosesləri və bu proseslərə dövlət nəzarətini həyata keçirən qurumun -  Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi barədə məlumat vermiş, Xidmətin yaradılmasında zərurət təşkil edən amilləri nəzərə çatdırmışdır.

 

Taleb Rifai səmimi qəbula görə Xidmət rəisinə minnətdarlığını bildirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşünü xoş hisslərlə xatırladan Baş katib Azərbaycanda turizm sektorunun dövlətin əsas prioritet sahələrindən biri olmaqla gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etmişdir. Taleb Rifai miqrasiya ilə turizm sahələrinin sıx əlaqədə olduğunu vurğulamış, Azərbaycanda miqrasiya sahəsində dövlət səlahiyyətlərini yerinə yetirən müstəqil qurumun olmasından məmnunluq duyduğunu qeyd etmişdir.

Görüşdən sonra qonaqlar Xidmətin Heydər Əliyev muzeyi və kitabxana ilə tanış olmuşlar. Baş katib Taleb Rifai “Xatirə kitabı”na ürək sözlərini yazmışdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur