Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş ilk tədbirini keçirmişdir

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümü ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına müvafiq olaraq silsilə tədbirlər həyata keçirir.

 

Bu tədbirlər çərçivəsində 17 sentyabr 2011-ci il tarixdə Xidmətin inzibati binasında qurumun rəsmi nəşri olan “Miqrasiya” jurnalının təqdimat mərasimi olmuşdur.

 

Mərasimdə Prezident cənab İlham Əliyevin 21 yanvar 2011-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 1293 saylı Sərəncamına əsasən, bu tarixi hadisənin dövlət səviyyəsində təntənəli surətdə qeyd olunduğu nəzərə çatdırılmışdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmiillik yubileyinin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıdığı vurğulanaraq bildirilmişdir ki, 1991-ci ildə sovetlər ittifaqına daxil olan bəzi respublikalarda mərkəzdənqaçma, müstəqilliyə qovuşmaq istəyi qarşısıalınmaz həddə çatmış, belə şəraitdə 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyannamə, həmin ilin oktyabr ayının 18-də isə "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edilmişdir.

 

Qeyd olunmuşdur ki, bu gün Azərbaycan dövlətinin qazandığı bütün uğurlar Ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində məhz müstəqilliyimizin qorunub saxlanmasının nəticəsidir. Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, dövlət idarəçiliyində və siyasət meydanında yeni məktəbin banisi olan Prezident cənab İlham Əliyevin həyata keçirdiyi dərinməzmunlu və çoxşaxəli siyasi kurs isə Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir.

 

Vurğulanmışdır ki, Prezident cənab İlham Əliyevin qətiyyəti sayəsində Ulu öndərin yeni neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının müdrik siyasi baxışları Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.

Sonda Xidmətin rəsmi nəşri olan “Miqrasiya” jurnalının növbəti sayının təqdimat mərasimi olmuşdur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur