Dövlət Miqrasiya Xidmətinin rəisi BMT-nin qaçqınlar üzrə ali komissarı ilə görüşmüşdür

19 may 2011-ci il tarixdə ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov ilə görüşmüşdür.

 

Xidmət rəisi Arzu Rəhimov Azərbaycanda miqrasiya proseslərindən, Dövlət Miqrasiya Xidmətinin yaranma tarixindən, bu sahədə görülən işlərdən və qısa müddət ərzində əldə edilmiş nailiyyətlərdən danışmışdır.

 

Bildirilmişdir ki, yaranmasından dörd il keçməsinə baxmayaraq, Dövlət Miqrasiya Xidməti tərəfindən çox böyük və əsaslı işlər görülmüş, Prezident cənab İlham Əliyevin daimi diqqət və qayğısı nəticəsində uğurlar davam etdirilir.

 

Son illər Azərbaycanda sosial-iqtisadi sahələrdə həyata keçirilən islahatlar ölkəmizin sürətli inkişafına və buraya gələn əcnəbilərin sayının artmasına səbəb olmuşdur. Azərbaycana gələn və Dövlət Miqrasiya Xidmətinə müraciət edən bütün vətəndaşların müraciətlərinə ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul olunur.

 

Arzu Rəhimov qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə də məlumat vermişdir.

 

Azərbaycanın əcnəbilər üçün cəlbedici ölkəyə çevrildiyini deyən Antonio Quterreş bildirmişdir ki, BMT QAK ilə Azərbaycan Hökuməti arasında çox yaxşı əməkdaşlıq qurulmuşdur və biz bu əməkdaşlığın daha da genişlənməsində maraqlıyıq. Eyni zamanda, Azərbaycana üçüncü ölkələrdən gələn şəxslərin məsələlərinə baxılması ilə bağlı iş birliyi yaratmaq niyyətindəyik.

 

Ali komissar demişdir: “Bəzi ölkələrdə müəyyən problemlər hələ də qalmaqdadır. Qaçqınlar müəyyən bir ölkənin ərazisinə daxil olurlar və oradan qovulur, geriyə göndərilirlər. Amma Azərbaycanda belə hal baş vermir. Azərbaycanda ənənəvi qonaqpərvərlik, dözümlülük, tolerantlıq vardır. Biz bunu çox yüksək qiymətləndiririk”.

 

Arzu Rəhimov ölkəmizdə qaçqın statusunun müəyyənləşdirilməsinin qanunla yüksək səviyyədə tənzimləndiyini qeyd etmiş, Dövlət Miqrasiya Xidməti ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyini bildirmişdir. Miqrasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi ilə Dövlət Miqrasiya Xidmətinin bir çox xarici ölkələr və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyi də diqqətə çatdırılmışdır.

 

Sonda ali komissar Antonio Quterreş Xidmətin Heydər Əliyev Muzeyində olmuş, “Xatirə kitabı”na ürək sözlərini yazmışdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur