Almaniya Federativ Respublikasının nümayəndə heyəti Dövlət Miqrasiya Xidmətində olmuşdur

4 Aprel 2011-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində Almaniyanın Federal Kriminal Polis İdarəsinin Prezidenti Yorq Sirkenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

 

Qonaqları səmimi salamlayan Xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov ilk öncə rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermişdir. Arzu Rəhimov  yaranmasından qısa müddət keçməsinə baxmayaraq, fəaliyyətində beynəlxalq əməkdaşlığa üstünlük verən Xidmətin sıx əlaqədə olduğu ölkələrdən birinin məhz Almaniya Federativ Respublikası olduğunu qeyd etmişdir.

 

Səmimi qəbula görə təşəkkürlərini bildirən Yorq Sirke Azərbaycan ilə Almaniyanın müvafiq qurumları arsında miqrasiya sahəsində səmərəli əməkdaşlıqdan məmnunluq duyduğunu və bu münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

 

Görüş zamanı Arzu Rəhimov 1990-cı illərin əvvəllərində keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycanda hökm sürən ictimai-siyasi vəziyyətdən danışmış, Dağlıq Qarabağ münaqişəsi və erməni təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarından didərgin düşdüyünü xatırlatmışdır.

Xidmət rəisi bildirmişdir ki, məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikada sabitlik bərpa olunmuş, həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində vaxtilə digər ölkələrə köçən azərbaycanlılar geri qayıtmağa başlamışlar. Güclü iqtisadi inkişafda olan Azərbaycan indi əcnəbilər üçün cəlbedici ölkəyə çevrilmişdir.

 

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunmuş, miqrasiya sahəsində  qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilmişdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur