Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində miqrasiya sahəsi üzrə  fəaliyyət göstərən KİV nümayəndələrinin maarifləndirilməsi məqsədi ilə seminar keçirilmişdir

18 Fevral 2011-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində ölkədə fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin  miqrasiya sahəsi üzrə  fəaliyyət göstərən nümayəndələrinin maarifləndirilməsi məqsədi ilə  seminar təşkil edilmişdir.

  

Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev seminarı açıq elan edərək, hər bir dövlət qurumu ilə KİV nümayəndələri arasında sıx əlaqələrin olmasının vacibliyini bildirmişdir. P.Musayev 2010-cu il dekabrın 29-da “Jurnalistlərin dostu” mükafatının təqdim olunma mərasimində Prezident cənab İlham Əliyevin “Mən hesab edirəm ki, dövlət qurumları ilə mətbuat arasındakı münasibətlər daha da möhkəm olmalıdır” fikirlərini xatırladaraq, Dövlət Miqrasiya Xidmətinin yeni qurum kimi bu məsələlərə xüsusi diqqət yetirdiyini vurğulamışdır: “Elə bu seminarın keçirilməsinin də əsas səbəblərindən biri qarşılıqlı münasibətlərin qurulması və bu sahə üzrə ixtisaslaşan jurnalistlərin bilik və bacarıqlarının artırılmasıdır."

 

Xidmət rəisinin müavini “Azərbaycan   dövlətçiliyi  və  miqrasiya  sahəsində  aparılan islahatlar” mövzusunda çıxış edərək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi, proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, həmçinin 2009-cu ildən miqrasiya proseslərinin idarə olunmasında tətbiq edilən "bir pəncərə" prinsipinin nəticələrindən  danışmışdır.

 

Hüquq şöbəsinin inspektoru Xəyalə Abbasova, baş idarə rəisinin müavini Elman Əliyev və şöbə rəisi Elnur Abbaszadə miqrasiya sahəsinin müxtəlif istiqamətlərini əhatə edən mövzular üzrə çıxışlar etmiş, KİV nümayəndələrini maraqlandıran suallara aydınlıq gətirmişlər.

 

Sonda seminar iştirakçıları Dövlət Miqrasiya Xidmətinin Heydər Əliyev Muzeyində və kitabxanada olmuş, xatirə şəkli çəkdirmişlər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur