Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının açılış mərasimi keçirilmişdir

25 may 2010-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının açılış mərasimi olmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açılış mərasimində iştirak etmişdir.

 

Son illər Azərbaycanda gedən sosial-iqtisadi inkişaf nəticəsində ölkəyə gələn əcnəbilərin sayının artması bu sahədə tənzimləmə işlərinin aparılması zərurətini yaratmışdır. Bu məqsədlə Prezident cənab İlham Əliyev 2007-ci il martın 19-da Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında 560 saylı Fərman imzalamışdır. Bununla da ölkədə miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, sabit sosial-iqtisadi, demoqrafik inkişafın təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə olunması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi üçün geniş imkanlar yaradılmışdır.

 

Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində dövlət siyasətini həyata keçirən vahid dövlət orqanıdır. Prezident cənab İlham Əliyev miqrasiya siyasətinin düzgün qurulmasını, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsini daim diqqətdə saxlayır. Paytaxtın Binəqədi rayonu ərazisində Dövlət Miqrasiya Xidməti üçün yeni inzibati binanın tikilməsi də bunun əyani təsdiqidir.

 

Dövlət Miqrasiya Xidmətinin rəisi II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov Prezident cənab İlham Əliyevə məlumat verərək bildirmişdir ki, yeni inzibati binanın tikintisi yüksək keyfiyyətlə həyata keçirilmiş və inşaat işləri zamanı milli memarlıq üslubu qorunub saxlanılmışdır. Ətrafda abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmış, işıqlandırma sistemi respublikada ilk dəfə olaraq 8 proqramlı LED lampaları ilə quraşdırılmışdır.

 

Prezident cənab İlham Əliyev açılışı bildirən lenti kəsmiş və bina ilə yaxından tanış olmuşdur.

 

Dövlət başçısına məlumat verilmişdir ki, binada Xidmətin əməkdaşları üçün yüksək şərait yaradılmış və onların səmərəli fəaliyyətinə böyük imkanlar açılmışdır.

 

Prezident cənab İlham Əliyev binanın maketinə baxmışdır. Bildirilmişdir ki, yeni bina 7 mərtəbəlidir. Hündürlüyü 29 metr, ümumi tikinti sahəsi 7 min 944 kvadratmetrdir. İnşaat işlərini Azərbaycanın qabaqcıl tikinti şirkətlərindən olan “Global Construction” şirkətinin həyata keçirdiyi binada Yaponiyanın “Hitachi” firmasının mərkəzləşdirilmiş çiller havalandırma sistemləri və İtaliya istehsalı olan 3 lift quraşdırılmışdır.

 

Binaya giriş elektron kart sistemi, yanğından mühafizə, rabitə, daimi video müşahidə və avtomat siqnal sistemi ilə təchiz olunmuşdur.

 

Dövlət başçısı binada yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olmuşdur. Burada Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlər qorunur.

 

Miqrasiya sahəsinə nəzarətin gücləndirilməsi məqsədilə Prezident cənab İlham Əliyevin tapşırığına əsasən binada Vahid Miqrasiya Məlumat Sistemi quraşdırılmışdır. Ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verən, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təminatı sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaradan, hazırda respublikada miqrasiya proseslərinin idarə edilməsi funksiyasını yerinə yetirən Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daxil olduqdan sonra harada və hansı işlə məşğul olması müşahidə edilir və ciddi nəzarətdə saxlanılır.

 

Bundan əlavə, yeni binada Dövlət Miqrasiya Xidmətinin Yevlax, Şirvan, Lənkəran və Xaçmaz regional idarələrinin, həmçinin Bakı və Yevlax qanunsuz miqrantların saxlanılması mərkəzlərinin birbaşa videomüşahidəsi də təmin edilmişdir.

 

Prezident cənab İlham Əliyev kitabxanada yaradılan şəraitlə də tanış olmuşdur. Sahəsi 48 kvadratmetr olan kitabxanada oxu zalı, əsas və elektron kitabxanalar fəaliyyət göstərir. Kitabxanada Ulu öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin dövlətçilik fəaliyyətindən bəhs edən kitablara, həmçinin bədii, tarixi və xarici ədəbiyyata geniş yer verilmişdir.

 

Sahələri 80 kvadratmetrdən 140 kvadratmetrə qədər olan akt, müşavirə və kollegiya zalları ən müasir tələblər səviyyəsində təşkil edilmişdir. Akt zalında  avtomatlaşdırılmış şəbəkə yaradılmışdır.

 

Bildirilmişdir ki, tədris proqramlarının keyfiyyətlə işlənib-hazırlanması, Xidmət əməkdaşlarının intensiv olaraq bilik və bacarıqlarının, peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi üçün binada kompyuterləşdirilmiş təlim-tədris mərkəzi də fəaliyyət göstərir.

 

Xidmətə müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sənədlərinin qəbulu prosesi elektron növbəlilik prinsipi nəzərə alınmaqla təşkil edilmişdir. Eyni vaxtda 14 şəxsin sənədlərinin qəbulu və müvafiq icazə vəsiqələrinin verilməsi nəzərdə tutulmuşdur.

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə Azərbaycan vətəndaşlarının operativ məlumatlandırılması üçün 24 saat fəaliyyətdə olan “Qaynar xətt” xidməti təşkil edilmişdir.

 

Bina ilə tanışlıqdan sonra Prezident cənab İlham Əliyev Xidmətin kollektivi ilə görüşmüş, təbrik edərək demişdir:

 

 

- Bu gözəl binanın açılışı münasibətilə sizi təbrik edirəm.

 

Bu binada işləmək üçün bütün şərait vardır. Ən müasir standartlar tətbiq olunub. Bina həm gözəlliyi ilə seçilir, həm də ki, daxili tərtibatı yaxşı səviyyədədir. Yəni, iş şəraiti ən yüksək standartlara cavab verir. Əsas odur ki, burada bütün işlər də yüksək standartlara cavab versin. Azərbaycan Miqrasiya Xidmətinin böyük funksiyaları vardır. Miqrasiya Xidmətinin yaranması çox vaxtında atılmış addım idi və bu illər ərzində Xidmət formalaşdı, gücləndi. Bu gün Azərbaycanın iqtisadi maraqlarının qorunması üçün Miqrasiya Xidmətinin çox mühüm rolu vardır.

 

Əminəm ki, bundan sonra da Miqrasiya Xidmətinin işi yüksək səviyyədə olacaqdır. Bu, əlbəttə ki, sizdən - işçilərdən asılıdır. Elə etməliyik ki, ən qabaqcıl təcrübə burada tətbiq olunsun. Burada indi gördüklərim məni çox sevindirir. Görürəm ki, çox böyük işlər görülübdür, bu məsələlərə düşünülmüş şəkildə yanaşılıbdır. Elə etməliyik ki, xidmət öz imkanlarını maksimum dərəcədə işə sala bilsin.

 

O ki qaldı, sizin vəzifələrinizə, siz bu vəzifələri yaxşı bilirsiniz. İndi Azərbaycan xarici vətəndaşlar üçün çox cəlbedici ölkədir. Xaricdən işləmək, yaşamaq üçün gələnlərin sayı artıb. Bu da çox sevindirici haldır. Bu, bizim iqtisadi uğurlarımızın nəticəsidir. Hamımız yaxşı bilirik ki, Azərbaycan xalqı çox qonaqpərvər xalqdır. Biz həmişə qonaqlara çox şadıq. Ancaq sizin funksiyanız, əlbəttə, ondan ibarət olacaqdır ki, xaricdən gələn vətəndaşlara həm xidmət göstərəcək, həm də onların Azərbaycanda qalmasının təmin edilməsi üçün bütün lazımi qanuni tədbirləri görəcəksiniz.

 

Qanunsuz miqrasiya dünyanın müxtəlif ölkələrində, xüsusilə inkişaf etmiş ölkələrdə də mövcuddur. Qanunsuz miqrasiya əlbəttə ki, o qədər də xoşa gələn hal deyildir və biz buna qarşı ciddi mübarizə aparmalıyıq. Amma müxtəlif yollarla Azərbaycana gəlmək istəyənlərin sayının artması özlüyündə Azərbaycanın nə qədər cəlbedici ölkə olduğunu göstərir.

 

Biz əlbəttə ki, qapılarımızı bütün qonaqlara açırıq. Ancaq hər şey qanun çərçivəsində olmalıdır. Qanunsuz miqrasiyaya qarşı çox ciddi mübarizə aparılmalıdır. Azərbaycana işləmək üçün gələnlər qanunlarımıza, milli dəyərlərimizə, ənənələrimizə hörmətlə yanaşmalıdırlar. Belə olan halda xarici ölkələrin Azərbaycana gələn vətəndaşlarının da yaşayışı üçün bütün şərait yaradılacaqdır.

 

İndi biz dünya iqtisadiyyatına inteqrasiya edirik. Azərbaycana xaricdən gələnlərin sayı artır. Azərbaycan vətəndaşları başqa ölkələrdə işləyirlər. Bu, normal proseslərdir. Əsas odur ki, bütün bu işlər qanun çərçivəsində tənzimlənsin və iqtisadi maraqlarımız tam şəkildə təmin olunsun. Azərbaycanda bütün təhlükəsizlik tədbirləri maksimum dərəcədə təmin olunsun. Biz yaxşı bilirik ki, daxildə ölkənin təhlükəsizliyinə səbəb ola biləcək heç bir amil yoxdur. Ona görə biz ilk növbədə sərhədlərimizi möhkəmləndirməliyik və bunu edirik. O cümlədən Miqrasiya Xidmətinin xətti ilə görülən tədbirlər həm iqtisadi maraqlarımızı qoruyacaq, eyni zamanda, insanlarımızın rahat, təhlükəsiz həyatını təmin edəcəkdir.

 

Mən əminəm ki, siz bütün bu vəzifələri yaxşı dərk edirsiniz. Bir də demək istəyirəm, Miqrasiya Xidmətinin qısa müddət ərzində fəaliyyəti onu göstərir ki, qarşımıza qoyduğumuz məsələlər icra olunur. Bu onu göstərir ki, Miqrasiya Xidmətinin yaradılması çox düzgün və vaxtında atılmış addım idi. Biz bu qərara gələndə hələ o vaxt deyə bilərəm ki, Azərbaycana gəlmək istəyən miqrantların sayı o qədər də çox deyildi. Ancaq biz bilirdik ki, Azərbaycanın uğurlu inkişafı və bütün proqramların icrası nəticəsində xaricdən işçi qüvvəsinin axını güclənəcəkdir. Bu gün biz bunu görürük, ona görə bütün addımları vaxtında atmışıq. Əsas odur ki, siz öz işinizlə bütün bu vəzifələri icra edəsiniz və Azərbaycanın dövlət maraqlarının qorunması üçün bütün lazımi tədbirləri görəsiniz.

 

Bir də demək istəyirəm ki, bunu etmək üçün bütün imkanlar vardır, sizin üçün yaxşı şərait yaradılıb. Yaxşı, müasir xidmət formalaşıb və siz bütün vəzifələri ləyaqətlə və sədaqətlə icra etməlisiniz. Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sizə işinizdə uğurlar arzulayıram. Sağ olun.


Xidmət rəisi Arzu Rəhimov göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə xidmət adından minnətdarlığını bildirmişdir.