Dövlət Miqrasiya Xidmətində müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu öndər Heydər Əliyevin 87-ci ildönümü münasibətilə "dəyirmi masa" keçirilmişdir

Mayın 8-də Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə “Heydər Əliyev və milli siyasət” mövzusunda "dəyirmi masa" keçirilmişdir.

 

"Dəyirmi masa"nı Dövlət Miqrasiya Xidmətinin rəisi II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov açaraq zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə qüvvətli təkan verərək onu daimi yüksəliş yoluna çıxaran Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərindən, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolundan danışmışdır. Bildirmişdir ki, 1969-cu ildə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan vermiş, qısa müddətdə iqtisadiyyat sahəsində nailiyyətlər əldə olunmuş, mədəniyyətin yüksəlişi və milli-mənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar atılmışdır.

 

Xidmət rəisi qeyd etmişdir ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.

 

Arzu Rəhmov həmçinin 20 Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanatla Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasından, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən az sonra, xarici təzyiqlər və daxili çəkişmələr nəticəsində 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımızın öz taleyini yalnız Heydər Əliyevə etibar etməsindən, onun təkidli istəyi ilə hakimiyyətə qayıdan Ulu öndərin siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtarmasından, qanunçuluğu bərpa etməsindən və cəmiyyəti vahid məfkurə ətrafında birləşdirməsindən danışmışdır.

 

Xidmət rəisi həmçinin Ulu öndərin siyasi prinsipiallığının nəticəsi kimi 1994-cü ildə dünyanın nüfuzlu neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanmasından, milli iqtisadiyyata qoyulan xarici investisiyaların həcminin  artmasından, müxtəlif sahələrdə infrastruktur və biznes layihələrinin həyata keçirilməsindən sonra xüsusən əməkçi miqrantların ölkəyə axını prosesinin sürətləndiyini nəzər-diqqətə çatdırmışdır. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi, iqtisadi, hüquqi və digər islahatlar nəticəsində Azərbaycanın regionda lider dövlətə çevrildiyini, respublikamızın nəhəng beynəlxalq layihələrin müvəffəqiyyətlə reallaşdığı bir məkan olduğunu, Azərbaycan iqtisadiyyatının sürətli inkişafının miqrasiya proseslərində də keyfiyyətcə yeni mərhələ açdığını vurğulamışdır: “İqtisadiyyatın dinamik inkişafının nəticəsidir ki, yaxın illərə kimi Azərbaycan vətəndaşları işləmək üçün xarici ölkələrə üz tutduqları halda, bu gün dünyanın müxtəlif ölkələrindən, hətta inkişaf etmiş dövlətlərdən miqrantlar Azərbaycana üz tuturlar”. Ölkəmizə gələn xarici miqrantların sayının gündən-günə artdığını deyən xidmət rəisi Arzu Rəhimov bunun başlıca səbəblərini Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürməsi, iqtisadiyyatın sürətli inkişafı, normal iş yerlərinin, dini və milli zəmində tolerantlığın mövcudluğu və digər amillərlə əlaqələndirmişdir.

 

Daha sonra qeyd edilmişdir ki, çoxəsrlik dövlətçiliyimiz tarixində xüsusi yeri olan Ulu öndər Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Beynəlxalq aləmdə cərəyan edən proseslərə təsiri baxımından həmişə seçilən və qlobal dünyanın ən aktual çağırışlarına cavab verən Azərbaycan rəhbəri zəmanəmizin tanınmış siyasi xadimləri sırasında şərəfli yer tutmuşdur.

 

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Hələ neçə-neçə nəsil bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

 

Azərbaycan xalqının Ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır və yaşayacaqdır.

 

Tədbirin sonunda Ulu öndərin 87-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev” sənədli filmi nümayiş etdirilmişdir.