Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 3-cü ildönümü, həmçinin Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı münasibətilə təntənəli mərasim keçirilmişdir

19 mart 2010-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qurumun yaradılmasının 3-cü ildönümü, həmçinin Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı münasibətilə təntənəli mərasim keçirilmişdir.

 

Mərasim iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. 

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

 

Xidmət əməkdaşları həmçinin Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın unudulmaz xatirəsini yad etmiş, məzarları üzərinə tər qərənfillər düzmüş, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşlar.

 

Təntənəli mərasim Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanmışdır.

 

Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov çıxış edərək rəhbəri olduğu qurumun yaranma tarixindən, görülmüş işlərdən və qarşıya qoyulmuş vəzifələrdən danışmışdır. Qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bölgədə liderlik qazanan yeganə dövlətə çevrilmişdir. Sosial-iqtisadi sahədə sürətli inkişaf göstəricilərinə görə, təkcə mövcud olduğu regionda yox, eləcə də dünya miqyasında son bir neçə ildə lider mövqedən çıxış edən Azərbaycan üçün əsas fərqləndirici xüsusiyyətlərdən biri bu dinamik tərəqqinin davamlı xarakter daşıması, möhkəm özüllər üzərində qurulmasıdır. Azərbaycanı liderlər cərgəsinə yüksəldən inkişaf strategiyası hazırda uğurla davam etdirilməkdə, zamanın tələblərinə uyğun olaraq  daha da zənginləşdirilməkdədir. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və sosial yönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar ölkəmizdə müşahidə olunan iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında Azərbaycanın mövqelərinin daha da möhkəmlənməsində, beynəlxalq hüququn daha güclü müstəqil subyekti kimi çıxış etməsində vacib rol oynayır.

 

Ötən müddət ərzində qəbul edilən Dövlət proqramları və onlara əlavələr regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin etmişdir. Bu istiqamətdə həyata keçirilən iqtisadi siyasət regionların inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə gətirib çıxarmışdır ki,  bu da öz növbəsində iqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluğunun artırılması və ölkədə yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində kifayət qədər böyük uğurlar əldə olunması ilə nəticələnmişdir. Yaşanan bu inkişaf əlbəttə ki, ölkədə miqrasiya proseslərinə təsirsiz ötüşməyərək bu sahədə hər tərəfli tərəqqiyə yol açmışdır.

 

Hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən “Dövlət Miqrasiya Siyasəti Konsepsiyası”nın (2004) gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün “Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı” (2006) təsdiq edilmişdir. Dövlət Miqrasiya Proqramından irəli gələn məsələlərin həyata keçirilməsi ölkəmizdə miqrasiya üzrə daha təkmil bir sistemin yaradılmasına yönəlmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2007-ci il tarixli 560 saylı Fərmanı ilə  Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılmışdır.

 

Miqrasiya sahəsində dövlət qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqində yol verilən nöqsan və sui-istifadə hallarının, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və sabit sosial-iqtisadi, demoqrafik inkişafının təşkili Dövlət Miqrasiya Xidmətinin prioritet vəzifələrindəndir. Bu vəzifələr sırasında həmçinin əmək ehtiyatlarından səmərəli istifadə olunması, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması önəmli yer tutur.

 

Prezident cənab İlham Əliyev dövlət orqanları qarşısında miqrasiya proseslərinin idarə edilməsi sahəsində nəzarətin gücləndirilməsi vəzifəsini qoymuş, bu məqsədlə Dövlət Miqrasiya Xidmətinə miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqin təşkili, vaxtaşırı hesabatların və statistik məlumatların hazırlanması, həmçinin yeni texnologiyaların tətbiqi ilə vahid uçotun təmin edilməsi tapşırığı vermişdir. Prezident cənab İlham Əliyev dəfələrlə çıxışlarında miqrasiya proseslərinin tənzimlənməsinin, bu sahədə ciddi nəzarət mexanizminin yaradılmasının vacibliyini qeyd etmişdir. Ölkə başçısı 5 avqust 2008-ci il tarixdə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair keçirilən iclasında demişdir: “Biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur”. Bəli, miqrasiya sahəsinə nəzarətin gücləndirilməsi məqsədilə Prezident cənab İlham Əliyev tərəfindən 6 fevral 2009-cu il tarixdə imzalanmış 134 saylı Sərəncama əsasən fəaliyyəti tam təmin edilmiş Vahid Miqrasiya Məlumat Sistemi ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmini sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaratmışdır. Bu gün ölkə ərazisində miqrasiya proseslərinin idarəedilməsi funksiyasını yerinə yetirən Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə daxil olduğu dəqiqədən harada olması və nə işlə məşğul olması müşahidə olunur və ciddi nəzarətdə saxlanılır.

 

Ötən müddət ərzində mövcud qanunvericiliyə digər əlavə və dəyişikliklər, o cümlədən  əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində olma müddətləri müəyyən edilmiş, onlara Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün nəzərdə tutulmuş sənədlər təsdiq edilmiş, əcnəbilərin qeydiyyat sistemi təkmilləşdirilmiş, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üzrə əlavə meyarlar müəyyən edilmiş, miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət artırılmışdır.

 

Xidmət rəisi Arzu Rəhimov həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edib ölkə ərazisində olma və yaşamalarını qanuniləşdirən əcnəbilər olduğu kimi, qanunvericiliyin tələblərinə riayət etməkdən boyun qaçıranlar da yox deyildir. Qeyri-qanuni miqrasiyanın qarşısının alınması isə respublikamızın milli təhlükəsizliyinin təmini baxımından vacib şərtlərdən biridir. Miqrasiya nəzarəti sistemi qeyri-qanuni miqrasiya ilə bağlı mövcud vəziyyətə adekvat olmalıdır. Miqrasiya prosesləri üzrə idarəetmə beynəlxalq öhdəliklərin yerinə yetirilməsini, insan hüquq və azadlıqlarının, dövlətin milli maraqlarının və təhlükəsizliyinin etibarlı qorunmasını tələb edir. Bu sahədə xarici ölkələrin müvafiq strukturları və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, həmsərhəd dövlətlərlə müqavilə prosesinin aktivləşdirilməsi, öhdəlikləri müəyyən edən və məsuliyyət nəzərdə tutan müvafiq sazişlərin bağlanması üzrə tədbirlər həyata keçirilir. Nəzarətin gücləndirilməsi üzrə normativ hüquqi aktların, o cümlədən ölkəmizin ərazisindən tranzit keçid qaydaları, daxili miqrasiyanın hüquqi tənzimlənməsi, qeyri-qanuni miqrantların ölkə ərazisindən çıxarılması, müxtəlif dövlət orqanlarının fəaliyyətlərinin səmərəli əlaqələndirilməsi və işin məqsədyönlü təşkili istiqamətində konkret addımlar atılır. Bir sözlə, Dövlət Miqrasiya Xidməti bütün gücünü səfərbər edərək ölkə ərazisində qanunsuz yaşayan, əmək fəaliyyətilə məşğul olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin aşkar edilməsi istiqamətində müntəzəm tədbirlər həyata keçirir. Müəyyən edilmiş inzibati pozuntu halları qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır və müvafiq qərarlar qəbul olunur. 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi tədbirlər miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsinə, bu sahədə əngəllərin tamamilə aradan qaldırılmasına, sənədləşmənin sadələşdirilməsinə xidmət edir. Bu baxımdan dövlət başçısı tərəfindən "Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" imzalanmış 4 mart 2009-cu il tarixli 69 saylı Fərmanın tətbiqi ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsi, bu sahədə operativliyin təmini və həllini gözləyən problemlərin aradan qaldırılmasına səbəb olmuşdur. 2009-cu il iyulun 1-dən "bir pəncərə" prinsipinin işə düşməsi ilə respublikada miqrasiya idarəetmə mexanizmi təkmilləşdirilmiş, Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələr verilmiş, onların yaşayış yeri üzrə qeydiyyata alınması proseduru sadələşdirilmiş, nəticədə bu sahədə şəffaflığın tam təmin edilməsinə nail olunmuşdur.

 

“Bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən  Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq, həmçinin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələrin verilməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq vəsiqələrin verilməsi; Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması və digər aktual məsələləri təmin etməkdədir. Fərmanın icrası ilə quruma daxil olan müraciətlərin sayı artmış, vahid prinsipin icrasında ciddi nəzarət mexanizmi yaradılmışdır. "Bir pəncərə" prinsipi tətbiq  ediləndən bu günə qədər Dövlət Miqrasiya Xidmətinə 60 mindən artıq müraciət daxil olmuşdur.

 

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı vəsatətlərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 20 iş günü müddətində baxılır. Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipi tətbiq edildiyi gündən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında Azərbaycan Respublikasından gedir və Azərbaycan Respublikasına qayıda bilirlər.

 

Xidmət rəisi daha sonra bildirmişdir ki, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərdən biri də qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 8 aprel 2009-cu il tarixdə imzaladığı 76 saylı  Fərmanla Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusunun verilməsidir. Bundan əlavə, 4 dekabr 2009-cu il tarixdə Milli Məclis tərəfindən təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”,  həmin Əsasnamənin tətbiqi haqqında cənab Prezident tərəfindən 25 dekabr 2009-cu il tarixdə imzalanmış 206 saylı Fərman,  Dövlət Miqrasiya Xidmətinin strukturuna edilmiş dəyişikliklərlə bağlı 666 saylı Sərəncam, Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında, həmçinin xidmətin rəhbər şəxslərinə ali xüsusi rütbələrin verilməsi haqqında 17 mart 2010-cu il tarixli sərəncamlar – bütün bunlar ölkə başçısının xüsusi diqqət və qayğısı ilə həyata keçirilən məqsədyönlü tədbirlərdir ki, birbaşa Dövlət Miqrasiya Xidmətinin bu sahədəki səmərəli və məqsədyönlü fəaliyyətinin təmin edilməsinə, onun iş üsul və vasitələrinin daha da təkmilləşdirilməsinə hesablanmışdır. Bütün bu sadalananlar və digər tədbirlər ölkə rəhbərinin Dövlət Miqrasiya Xidmətinə göstərdiyi hədsiz etimadın bariz təzahürüdür.

 

Miqrasiya sahəsində idarəetmə mexanizminin, o cümlədən Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində göstərilən xüsusi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə xidmət adından dərin minnətdarlığını ifadə edən xidmət rəisi hazırda hər bir əməkdaşın üzərinə düşən vəzifənin və qarşıya qoyulan tapşırıqların düzgün və vaxtında icra edilməsi üçün bütün qüvvə və bacarığın səfərbər edildiyini diqqətə çatdırmışdır. 

 

Müraciət edənlərin rahatlığının təmin edilməsi, onların Dövlət Miqrasiya Xidmətinə regionlardan uzaq məsafə qət etməməsi, həmçinin xidmətin fəaliyyətinin genişləndirilməsi, regionlarda miqrasiya proseslərinin tənzimlənməsi məqsədi ilə qurumun regional idarələrinin təşkili işi uğurla davam etdirilir. Bu gün Xidmətin Şirvan, Yevlax, Lənkəran Regional Miqrasiya İdarələri fəaliyyət göstərir. Hazırda digər regionlarda idarə və qanunsuz miqrantların saxlanılma mərkəzlərinin tikinti işləri intensiv davam etdirilməkdədir.

 

Ölkəyə daxil olmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya sahəsində mövcud qanunvericilik aktları, eləcə də qanunvericiliyə edilmiş son əlavə və dəyişikliklərə dair məlumatlandırılmasını təmin etmək məqsədilə ötən müddət ərzində mətbuat konfransları, dəyirmi masalar, hüquqi-maarifləndirici tədbirlər təşkil edilmişdir, ictimaiyyətlə əlaqələr gücləndirilmişdir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq, həmçinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin, habelə Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması ilə bağlı qərarların verilməsi, o cümlədən vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi və bu kimi məsələlərlə bağlı ətraflı informasiya almaq istəyən şəxslər Miqrasiya Məlumat Mərkəzinə müraciət edərək müvafiq məlumatları əldə edə bilirlər. Son bir il ərzində Miqrasiya Məlumat Mərkəzinə 8 mindən artıq müraciət daxil olmuşdur.

 

Ötən müddət ərzində Xidmətin rəsmi internet səhifəsinin bu gün 3 dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərməsi, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin bu üç dildən onlara daha münasib olan birində “Sual-cavab” xidmətinə, həmçinin qurumun elektron ünvanlarına onları maraqlandıran məsələlərlə bağlı müraciət etməsi və vaxtında hüquqi yardım göstərilməsi üçün lazımı təşkilati tədbirlər həyata keçirilmişdir.  

 

“Bu gün bizim əsas məqsədimiz, mərkəzi icra hakimiyyəti olaraq Dövlət Miqrasiya Xidmətinin tam gücü ilə fəaliyyət göstərməsidir ki, bunun da öhdəsindən layiqincə gəlinir” deyə bildirən xidmət  rəisi yaranmasından qısa müddət keçməsinə baxmayaraq qarşıya qoyulan tapşırıqların qanunvericilik çərçivəsində vaxtında və düzgün yerinə yetirildiyini nəzərə çatdırmış, son bir il ərzində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər, Prezident cənab İlham Əliyevin etimadı, xüsusi diqqət və qayğısı sayəsində fəaliyyəti tam formalaşdırılan Xidmətin artıq ölkə ərazisində miqrasiya proseslərinin tənzimlənməsində, nəzarətin gücləndirilməsi istiqamətində öz sözünü dediyini vuğulamışdır.

 

Çıxışının sonunda Arzu Rəhimov Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 3-cü ildönümü, həmçinin Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı münasibətilə Xidmət əməkdaşlarını səmimi qəlbdən təbrik etmiş, xidməti vəzifələrin vaxtında və düzgün yerinə yetirilməsində onlara uğurlar, şəxsi həyatlarında uzun ömür, möhkəm cansağlığı və xoşbəxtlik diləmişdir.

 

Sonda xidməti fəaliyyətdə fərqlənən əməkdaşlara mükafatlar təqdim edilmişdir.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur