newsPhoto

Dövlət Miqrasiya Xidməti maarifləndirmə tədbirləri çərçivəsində Bakıda və Gəncədə görüşlər təşkil edib  

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 8-ci ildönümü ərəfəsində respublika ictimaiyyətinin, həmçinin əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin miqrasiya qanunvericiliyindəki yeniliklər haqqında məlumatlandırılması və maarifləndirilməsi ilə bağlı  tədbirlər davam etdirilir.

Azərbaycan Tibb Universitetində baş tutan görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər böyük uğurlara imza atan Azərbaycanın sürətli inkişafına diqqət çəkilib. Ölkəmizə səfər etmək, yaşamaq, işləmək, təhsil almaq, Azərbaycan vətəndaşı olmaq istəyənlərin sayındakı artım dinamikasına toxunulub. Hüquqi dövlət olan  Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı görülən işlərdən bəhs olunub. Bildirilib ki, qanunvericiliyə əsasən 10 gündən artıq ölkəmizdə qalmaq istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata düşməlidir və bunun üçün heç bir rüsum ödənilmir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər qeydiyyata düşmədikləri halda inzibati məsuliyyət daşıyırlar. Görüşdə həmçinin əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin respublikamızda haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsinin hüquqi əsasları barədə ətraflı məlumat verilib.

Gəncə Dövlət Universitetində təşkil olunmuş görüşdə də miqrasiya proseslərinin idarə edilməsi sahəsində nəzarətin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədi ilə görülən işlərdən söhbət açılıb. Dövlət Miqrasiya Xidmətinin "Elektron hökumət” portalı üzərindən  göstərdiyi elektron xidmətlərin sayının 10-a çatdırıldığı bildirilib.

Miqrasiya sahəsində qanunvericiliyin ilbəil daha da təkmilləşdirilməsi, hüquqi sənədlərin tənzimlədiyi sahələr üzrə müvafiq prosedurların sadələşdirilməsindən danışılıb. Məsələn Miqrasiya Məcəlləsinə əsasən bir il müddətinə verilən müvəqqəti yaşamaq üçün icazə növbəti dəfə 2 il müddətədək uzadıla bilər. Bundan əlavə “Dövlət rüsumu haqqında qanuna” əsasən Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə ölkəmizin ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətin uzadılmasına görə rüsum digər şəxslərdən fərqli-güzəştli əsaslarla müəyyənləşdirilib.

Hər iki Universitetdə keçirilən görüşdə aparılan ətraflı izahat işləri ölkəmizdə çalışan əcnəbi elm xadimləri və ali təhsil alan əcnəbi tələbələr tərəfindən maraqla qarşılanıb. Sonda suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur