I Avropa Oyunları ilə bağlı ölkəmizə gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Dövlət Miqrasiya Xidmətinin məlumatı

Prezident İlham Əliyev I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında 08 avqust 2014-cü il tarixində Sərəncam imzalayıb.

Sərəncama əsasən Dövlət Miqrasiya Xidmətinə ölkəmizə uçuşlar həyata keçirən aviasiya şirkətlərinə I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.

I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 08 avqust 2014-cü il tarixli Sərəncamına əsasən müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər I Avropa Oyunlarının açılışına 60 gün qalmışdan başlayaraq Oyunların bitməsindən 30 gün keçənədək olan dövrdə pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında Azərbaycan Respublikasına gələ və gedə bilərlər.

I Avropa Oyunlarına bilet əldə etmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Oyunların açılışına 10 gün qalmışdan etibarən Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər. Viza üçün müraciət etdikdə sadəcə I Avropa Oyunlarına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd təqdim olunmalıdır. 

Azərbaycan Respublikasının ərazisində 10 gündən artıq müvəqqəti qalacaq akkreditasiya olunmuş şəxslər, habelə I Avropa Oyunlarının iştirakçıları olduqları yer üzrə qeydiyyatdan azad olunublar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur