newsPhoto

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə Dövlət Miqrasiya Xidmətində tədbir keçirilib

 

Tədbir iştirakçıları əvvəlcə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən sərgiyə baxıblar.

Sonra Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev ömrünü Azərbaycan oftalmologiya elminin inkişafına həsr etmiş görkəmli alim, Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan, pedaqoji və həkimlik fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən, yüksək insani keyfiyyətlərindən danışıb.

Tədbirdə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən məruzələr dinlənilib. Respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verən görkəmli alimin oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları barədə ətraflı məlumat verilib. Çıxış edənlər elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə güclü təsir göstərmiş Zərifə xanım Əliyevanın görkəmli alim, pedaqoq, həm də xalqını, Vətənini dərin məhəbbətlə sevən əsl Azərbaycan qadını olduğunu xüsusi vurğulayıblar. Bildirilib ki, bütün ömrünü insanların gözünə nur bəxş etməyə həsr edən Zərifə xanım Əliyeva yüksək daxili mədəniyyəti, incə qəlbi, elmə sədaqəti ilə qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaq.

Tədbir iştirakçıları görkəmli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən filmə baxıblar.

Sonra Dövlət Miqrasiya Xidmətinin bir qrup xanım əməkdaşı Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramlarını bildirib, abidəsi önünə əklil qoyub və məzarı üzərinə gül dəstələri düzüblər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur