Ümumdünya Uşaq Hüquqları günü münasibətilə Dövlət Miqrasiya Xidmətində tədbir keçirilmişdir

1989-cu il noyabrın 20-də BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının qəbul edildiyi gün münasibətilə təsis edilmiş bayramla əlaqədar ölkəmizdə elan olunmuş uşaq hüquqları aylığı çərçivəsində Azərbaycan Respublikasında qaçqın statusu almış ailələrdə böyüyən uşaqların iştirakı ilə tədbir keçirilmişdir. Dövlət Miqrasiya Xidmətinin Heydər Əliyev Muzeyində keçirilmiş görüşdə qeyd edilib ki, bu ilki bayram hər il olduğundan daha da fərqlənir. Çünki bu il həm də Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin 25-ci ildönümüdür.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın əhəmiyyətindən, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən və 1999-cu ildə  qəbul edilmiş “Azərbaycan Respublikasının uşaq hüquqları haqqında” Qanunun mütərəqqiliyindən bəhs olunub. Bütün bunlar Azərbaycan dövlətinin uşaq hüquqları mövzusuna verdiyi önəmin bariz nümunəsi kimi qiymətləndirilib. Qaçqın statusu almış əcnəbi ailələrdə böyüyən uşaqların hüquqları ilə bağlı məsələnin də miqrasiya sahəsində dövlət siyasətini həyata keçirən, hüquq-mühafizə orqanı statusu daşıyan Dövlət Miqrasiya Xidməti tərəfindən daim diqqət mərkəzində saxlanılıdığı konkret faktlarla diqqətə çatdırılıb.

Görüş iştirakçısı olan uşaqlar və onların valideynləri bu diqqətə, uşaqlarının əmin-amanlığının təmin olunmasına yönəldilmiş fəaliyyətin möhkəmləndirilməsinə xidmət edən belə tədbirlərin təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıq ifadə ediblər.

Sonda uşaqlara hədiyyələr verilib. 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur