Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan silsilə tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli 2679 saylı Sərəncamına əsasən Azərbaycan  Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev tərəfindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsinə dair Xüsusi Tədbirlər Planı təsdiq olunmuşdur.

 

Plana əsasən, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində Ümummilli liderin irsinin, onun zəngin həyat və fəaliyyətini əks etdirən mövzuların öyrənilməsi məqsədilə ali təhsil müəssisələrinin müəllimləri, Milli Məclisin deputataları, həmçinin Ulu öndərlə təmasda olmuş ziyalılar tərəfindən mühazirələr aparılır. 

 

Bu silsilədən olan növbəti tədbir 4 may 2013-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin inzibati binasında baş tutmuşdur. “Heydər Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğunun müəllifidir” mövzusunda miqrasiya orqanları əməkdaşları üçün keçirilən mühazirədə Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi, xalqımız qarşısındakı tarixi xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu məhz Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra başlamışdır. Dahi şəxsiyyətin qətiyyəti, siyasi iradəsi, uzaqgörənliyi və böyük dövlətçilik təcrübəsi sayəsində Azərbaycan müstəqil, sivil dövlət quruculuğu yoluna qədəm qoymuşdur. Ümummilli liderin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirmiş, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.

 

Milli Məclisin deputatı qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyev zəmanəsinin böyük filosofu və mütəfəkkiri idi. Bütün həyatını xalqına həsr edən Ulu öndərin Azərbaycan tarixində rolu, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər əvəzsizdir.

 

Qeyd edilmişdir ki,  Ümummilli lider Heydər Əliyevin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Bu müdrik siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur