Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Dövlət Miqrasiya Xidmətində olmuşdur

15 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Şakir Kargəri qəbul etmişdir.

 

Qonağı səmimi salamlayan F.Nəbiyev ölkədəki miqrasiya prosesləri, Dövlət Miqrasiya Ximətinin yaranma tarixi, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermişdir. Həmçinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərinin fəaliyyətindən bəhs edən Xidmət rəisi ölkə ərazisində olan Əfqanıstan vətəndaşları, sosial vəziyyətləri, onlara yaradılan şəraitdən söz açmışdır.

 

Ölkədə yaşayan əfqan əsilli Azərbaycan vətəndaşları ilə mütəmadi görüşlərin keçirilməsinin vacib olduğunu qeyd edən Xidmət rəisi bildirmişdir ki, bundan sonra onlarla görüşün təşkili üçün müvafiq köməklik göstəriləcək.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən Məhəmməd Şakir KargərAzəbaycanın qısa zamanda əldə etdiyi böyük ictimai, siyasi və iqtisadi inkişafdan bəhs etmişdir. Əfqanıstandakı miqrasiya prosesləri barədə məlumat verən səfir ölkə vətəndaşlarının xaricə axınının əsas səbəbinin daxili ictimai-siyasi vəziyyət olduğunu diqqətə çatdırmışdır.

 

Görüşdə həmçinin Azərbaycanla Əfqanıstan arasında mövcud olan sıx əməkdaşlıqdan söhbət açılmış, miqrasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuş, bu istiqamətdə informasiya və təcrübə mübadiləsinin vacibliyi qeyd edilmiş, mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılmışdır. Hər iki tərəf qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində birgə səylərin davam etdirilməsinin zəruriliyini qeyd etmişdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur