ATƏT nümayəndələri Dövlət Miqrasiya Xidmətində olmuşlar

29 Aprel 2010-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində ölkəmizdə qısamüddətli səfərdə olan ATƏT/DTİHB-in İnsan alverinə qarşı mübarizə üzrə baş müşaviri xanım Şivaun Skanlan və ATƏT-in Bakı ofisinin rəhbərinin müavini xanım Melissa L.Stonen ilə görüş keçirilmişdir.

 

Görüşdə qonaqlara Dövlət Miqrasiya Xidmətinın yaranması, fəaliyyəti, qarşıya qoyulan məqsədlər və qısa müddət ərzində görülmüş işlər, əldə olunmuş nəticələr barədə ətraflı məlumat verilmişdir. Miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi məqsədilə 1 iyul 2009-cu il tarixindən “Bir pəncərə” prinsipinin tətbiqindən danışılmışdır. Beynəlxalq təcrübənin öyrənilməsinə böyük önəm verildiyi, bu məqsədlə Xidmət əməkdaşlarının bir çox Avropa ölkələrinə ezam olunduğu qonaqların nəzərinə çatdırılmışdır.

 

Görüşdə həmçinin Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2009-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)”, onun həyata keçirilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planı barədə geniş məlumat verilmiş, insan alverinə qarşı mübarizədə Dövlət Miqrasiya Xidmətinın üzərinə düşən vəzifələrdən  bəhs edilmişdir.

 

Səmimi qəbul üçün dərin minnətdarlığını bildirən xanım L.Stone ətraflı məlumata görə təşəkkürünü bildirmiş, 3 il əzrində Xidmət tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, ATƏT-in Bakı Ofisinin hər zaman yardıma hazır olduğunu vurğulamışdır.

 

İşgüzarlıq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi aparılmışdır.