newsPhoto

Dövlət Miqrasiya Xidməti Göyçay şəhərində hüquqi maarifləndirmə tədbiri keçirib

Ağsu regional miqrasiya idarəsi Dövlət İmtahan Mərkəzinin Göyçay regional bölməsinin inzibati binasında Göyçay rayon icra hakimiyyətinin məsul əməkdaşlarının, Göyçay, Ağsu, Kürdəmir, Qobustan, Şamaxı, İsmayıllı, Ucar, Ağdaş və Zərdab rayonlarının təhsil şöbələrinin rəhbər və əlaqələndirici nümayəndələrinin, metodistlərin, məktəb direktorlarının, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, həmçinin Xidmətin internet səhifəsində yerləşdirilmiş elan vasitəsi ilə məlumat alaraq müraciət edənlərin iştirakı ilə hüquqi maarifləndirmə seminarı keçirilib. 

Seminarda Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşlarının “Azərbaycan Respublikasında ümumtəhsil müəssisələrində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində yaşamaq hüququ verən sənədlərin alınması qaydaları” və “Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması” mövzularında məruzələri təqdim olunub. 

İştirak edən şəxslərin mövzularla bağlı ətraflı maarifləndirilməsi məqsədilə Xidmətin internet səhifəsində yerləşdirilmiş videoçarxdan və hazırlanmış slayddan istifadə etməklə geniş məlumat verilib, suallar qanunamüvafiq qaydada cavablandırılıb.

Qeyd edilən mövzularda qaldırılan məsələlərin aşkar edilərək vaxtında həll olunması istiqamətində işlərin səmərəli görülməsi üçün təhsil şöbələrinin əməkdaşlarına sənəd siyahıları, müvafiq arayış formaları və əlaqə vasitələri verilib.

Seminarın sonunda səyyar xidmət təşkil edilib. 6 şəxsə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi, 5 şəxsə müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı sənədlərin siyahısı təqdim olunub. 1 nəfərə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə arayış verilib. Müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı 2 əcnəbinin müraciəti qəbul edilib. Ümumilikdə, 14 nəfər səyyar xidmətin imkanlarından istifadə edib. 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur