Dövlət Miqrasiya Xidmətində Almaniya Federativ Respublikasının nümayəndə heyəti ilə görüş keçirilmişdir

26 iyun 2009-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikasının daxili işlər nazirinin müavini cənab Auqust Hanninqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları səmimi salamlayan xidmət rəisi Arzu Rəhimov müstəqillik qazandıqdan sonra Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə olunmuş nailiyyətlər barədə nümayəndə heyətinə ətraflı məlumat vermişdir. Azərbaycanın dünyanın qədim tarixə malik dövləti olan Almaniya ilə əməkdaşlığa böyük önəm verdiyini, bu işdə hökumətlərin, o cümlədən miqrasiya orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edən xidmət rəhbəri şübhəsiz ki, dost Almaniyadan belə bir geniştərkibli nümayəndə heyətinin Azərbaycana səfərinin münasibətlərimizin yeni pilləyə qalxmasında mühüm rol oynayacağına əmin olduğunu bildirmişdir.
Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və qısa müddət ərzində görülmüş işlər barədə də danışan xidmət rəisi Arzu Rəhimov həmçinin ölkə başçısı cənab İlham Əliyevin 4 mart 2009-cu il tarixli Fərmanı ilə iyulun 1-dən etibarən miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiq olunacağı, bununla da əvvəllər miqrasiya məsələləri ilə əlaqədar bir neçə dövlət orqanına üz tutan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin bundan sonra yalnız bir ünvana - Dövlət Miqrasiya Xidmətinə müraciət edəcəklərini qonaqların nəzərinə çatdırmışdır.
Səmimi görüş üçün təşəkkürünü bildirən Almaniya nümayəndə heyətinin rəhbəri cənab Auqust Hanninq ölkələrimiz arasında qarşılıqlı iqtisadi, sosial və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılan addımları, görülən işləri yüksək dəyərləndirmiş və son illər Azərbaycanın sürətli inkişafını, burada baş verən müsbət dəyişiklikləri xüsusi vurğulamışdır. Qonaq həmçinin indiki səfərin əlaqələrin daha da inkişaf etdirilməsinə, o cümlədən miqrasiya sahəsində birgə əməkdaşlığa, qanunsuz miqrasiya hallarının aradan qaldırılması sahəsində irəliləyişin əldə edilməsinə öz müsbət təsirini göstərəcəyinə, yeni bir töhfə olacağına ümidvar olduğunu qeyd etmişdir.
Görüşdə hər iki ölkənin nümayəndə heyətləri arasında qanunsuz miqrasiyaya qarşı birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu sahədə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında işgüzar fikir mübadiləsi aparılmışdır.

© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur